Rusiya Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
Kremlin saytında yayımlanan təbrik mesajında deyilir: “Əcdadlarınızın vəsiyyətlərinə və əsrlər boyu davam edən ənənələrə sadiq qalaraq, möminləri İslamın mənşəyi ilə birləşdirən və xeyirxahlığa, ədalətə, xeyriyyəçiliyə və təqvaya çağıran bu qədim bayramı geniş şəkildə qeyd edirsiniz”.
Putin qeyd edib ki, Rusiya müsəlman təşkilatları ölkənin sosial və mədəni həyatında fəal iştirak edir, ailə dəyərlərinin möhkəmləndirilməsinə və gənclər arasında vətənpərvərlik tərbiyəsinə töhfə verirlər, həmçinin sosial əhəmiyyətli təhsil və xeyriyyə layihələri həyata keçirirlər.
Dövlət başçısı xüsusilə vurğulayıb ki, “Vətən müdafiəçilərinin və onların ailələrinin dəstəklənməsi istiqamətində göstərilən səylər yüksək qiymətləndirilir”.
Putin bütün müsəlmanlara möhkəm cansağlığı, uğurlar və ən xoş arzularını çatdırıb.
Qeyd edək ki, Qurban bayramı İslam təqviminin 12-ci ayının 10-cu günündə qeyd olunur və Həcc ziyarətinin başa çatmasını simvolizə edir. Bayram adətən bayram namazı və dini xütbələrlə başlayır, daha sonra isə qurban kəsimi mərasimi ilə davam edir.
İzmedia.az
![]()

