Qərbi Avropa birjalarında eniş qeydə alınıb

3 Min Read

Cümə axşamı İtaliya indeksi istisna olmaqla, Qərbi Avropanın əsas fond indekslərində azalma müşahidə olunub.

Regionun ən böyük şirkətlərini əhatə edən Stoxx Europe 600 indeksi 0,49% azalaraq 625,11 bəndə düşüb.

Böyük Britaniyanın FTSE 100 indeksi 0,75%, Almaniyanın DAX indeksi 0,34%, Fransanın CAC 40 indeksi 0,23%, İspaniyanın IBEX 35 indeksi isə 0,55% geriləyib. İtaliyanın FTSE MIB indeksi isə 0,5% dəyər itirib.

ABŞ və İran arasında qarşılıqlı zərbələrlə bağlı xəbərlər investorların əhval-ruhiyyəsinə mənfi təsir göstərib və bu, münaqişənin tezliklə həll olunacağına dair gözləntiləri azaldıb.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, cümə axşamı gecəsi ABŞ ordusu Bəndər Abbasda yerləşən dörd İran pilotsuz uçuş aparatını məhv edib və yerüstü idarəetmə məntəqəsinə zərbə endirib. İran mediası isə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) buna cavab olaraq ABŞ hərbi bazasına hücum etdiyini yazıb.

Eyni zamanda “Axios” mənbələrə istinadla Tehran və Vaşinqton arasında atəşkəsin iki ay uzadılması barədə razılıq əldə olunduğunu bildirib. Qeyd olunur ki, bu müddət ərzində Hörmüz boğazında gəmilərin sərbəst hərəkəti təmin ediləcək və İran boğazın minalardan təmizlənməsini həyata keçirəcək. Razılaşmanın ABŞ prezidenti Donald Tramp tərəfindən təsdiqlənməsi gözlənilir.

Yaxın Şərqdə davam edən gərginlik fonunda enerji qiymətlərinin artması qlobal inflyasiya təzyiqlərini gücləndirir və mərkəzi bankların sərt pul siyasəti gözləntilərini artırır.

Avropa Mərkəzi Bankının (AMB) baş iqtisadçısı Filip Leyn bildirib ki, enerji şokunun inflyasiyaya təsiri davam edəcək.

Onun sözlərinə görə, “qlobal neft təchizatında kəskin və genişmiqyaslı azalma ilə üzləşirik və bu təsirlər indiyədək ehtiyatlar hesabına yumşaldılıb. İlkin şok zəifləsə belə, ikinci dərəcəli təsirlər bir müddət davam edəcək”.

Stoxx Europe 600 indeksinin tərkibində ən çox ucuzlaşan səhmlər arasında Dassault Systèmes (-5,7%), Siemens Energy (-4,4%), Adyen (-4%), Auto Trader (-3,9%) və Rightmove (-3,6%) yer alıb.

Artım üzrə liderlər isə müdafiə sektoruna aid şirkətlər olub: Saab (+7,4%), Hensoldt (+5,9%), Renk Group və Leonardo (+5,4%), Indra Sistemas (+5,3%). Digər müdafiə şirkətləri də yüksəlib: Rheinmetall (+4,2%), Babcock International (+4,1%), BAE Systems və Thales (+2,7%), həmçinin Rolls-Royce (+1,3%).

Fransanın yarımkeçirici istehsalçısı Soitec-in səhmləri illik hesabatdan sonra 24,6% artıb. Şirkət 31 martda başa çatan maliyyə ilində gəlirlərin 34% azaldığını bildirsə də, nəticələr bazar gözləntilərini üstələyib.

Digər çip istehsalçıları da artım göstərib: Infineon Technologies (+4,4%), BE Semiconductor Industries (+4,1%), STMicroelectronics (+3,1%) və ASML Holding (+1,1%).

Britaniyanın BT Group şirkətinin səhmləri “Financial Times”ın Britaniya hökumətinin hind milyarderi Sunil Bharti Mittalın şirkətdə pay artırmaq cəhdinə qarşı çıxacağını yazmasından sonra 3,5% azalıb.

Fransanın Michelin şirkətinin səhmləri isə üç il ərzində 1500 işçiyə təsir edə biləcək ixtisar planının elanından sonra 0,7% geriləyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş