“NASASpaceFlight.com” saytının canlı yayımına istinadən verilən məlumata görə, Blue Origin şirkətinə məxsus “New Glenn” raketi Florida ştatının Kanaveral burnunda yerləşən 36 nömrəli buraxılış kompleksində sınaq buraxılışı zamanı partlayıb. Hadisə cümə axşamı yerli vaxtla təxminən saat 21:00-da baş verib.
Blue Origin sosial mediada sınaq zamanı “qeyri-adi vəziyyət”in baş verdiyini təsdiqləyib. Şirkətin sahibi Jeff Bezos bildirib ki, bütün işçilər təhlükəsizdir və heyət üçün heç bir təhlükə yoxdur. O, qəzanın səbəbləri ilə bağlı nəticə çıxarmağın hələ tez olduğunu vurğulayıb.
“Associated Press” agentliyinin məlumatına görə, partlayış o qədər güclü olub ki, Kanaveral burnu və Cocoa Beach sakinləri evlərin titrədiyini və səmada parlaq işıq parıltısı gördüklərini bildiriblər. Yerli hakimiyyət orqanları mümkün yanacaq sızması ilə bağlı təhlükənin olmadığını açıqlayıb.
Sınaqlar yaxın həftələrə planlaşdırılan “New Glenn” raketinin dördüncü buraxılışına hazırlıq məqsədi daşıyırdı. Raketin “Amazon Leo” internet xidməti üçün 48 peyki orbitə çıxarması nəzərdə tutulurdu. Sınaq zamanı raketdə heç bir cihaz olmayıb. Buraxılış infrastrukturuna dəyən ziyanın miqyası isə hələ qiymətləndirilir.
Bu ilin əvvəlində raket artıq texniki problemlərlə üzləşmişdi: buraxılışlardan birində yuxarı pillə AST SpaceMobile peykini orbitə çıxara bilməmiş və missiya tam uğursuz olmuşdu.
“New Glenn” Blue Origin tərəfindən kommersiya, elmi və dövlət missiyaları üçün hazırlanmış ağır yük daşıyan raketdir. Onun 2025-ci ildə buraxılması planlaşdırılır və NASA tərəfindən “Artemis” proqramının bir hissəsi kimi nəzərdən keçirilir. Jeff Bezos isə şirkətin lazım olan bütün təmirləri edəcəyini və uçuşlara qayıdacağını bildirib.
İzmedia.az
![]()

