“The New York Times” qəzetinin məlumatlı rəsmilərə istinadən verdiyi məlumata görə, ABŞ ordusu son üç həftə ərzində təxminən 70 ticarət gəmisinin Hörmüz boğazından keçməsinə kömək edib. Buna baxmayaraq, İranla müharibəyə son qoyulması üzrə danışıqlarda yaranmış çıxılmaz vəziyyət səbəbindən bu su yolu ilə hərəkət hələ də riskli hesab olunur.
Mənbənin sözlərinə görə, son üç həftə ərzində ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olan və çıxan təxminən 70 kommersiya gəmisini müşayiət edib.
Bildirilib ki, gəmilərin əksəriyyəti dar boğazdan keçərkən aşkarlanmamaq məqsədilə transponderlərini söndürüb.
Rəsmilər boğazdan hansı gəmilərin və hansı marşrutla keçdiyini açıqlamaqdan imtina ediblər. Lakin onlardan biri qeyd edib ki, istifadə olunan marşrutlardan ən azı biri İran sahillərindən uzaq, Omana yaxın ərazilərdən keçir.
Mənbələr vurğulayıblar ki, ABŞ-ın göstərdiyi dəstək gəmiçilik sektorunda məlum olsa da, Vaşinqton İranın gəmilərə hücum etməməsi üçün bu məlumatı ictimaiyyətə açıqlamayıb.
Amerikalı rəsmilərin sözlərinə görə, İran hakimiyyətinin razılığı olmadan İran sularından keçən gəmilər demək olar ki, qaçılmaz olaraq İranın pilotsuz uçuş aparatları və ya raketləri tərəfindən hücuma məruz qalır.
İzmedia.az
![]()

