Kolumbiyada prezident seçkilərinin ilk turunda Abelardo de la Esperilla öndədir

1 Min Read

Kolumbiyada bazar günü keçiriləcək prezident seçkilərinin birinci turunda ifrat sağçı vəkil Abelardo de la Esperilla liderlik edir. O, ikinci turda mərkəz-solçu prezident Qustavo Petronun dəstəklədiyi senator İvan Sepeda ilə qarşılaşacaq.

Milli Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı Xidmətinin rəsmi internet səhifəsinin məlumatına görə, səslərin 99,97 faizi hesablanıb. Nəticələrə əsasən, müxalifət namizədi və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Abelardo de la Esperilla 43,7 faiz (10,3 milyondan bir qədər çox), İvan Sepeda isə 40,9 faiz (təxminən 9,6 milyon) səs toplayıb.

Prezident Qustavo Petro ilkin nəticələri qəbul etməyəcəyini açıqlayıb. O, X sosial şəbəkəsində paylaşım edərək bildirib: “Prezident olaraq, Bautista qardaşlarına məxsus özəl şirkətin açıqladığı ilkin nəticələri tanımıram”.

Petronun sözlərinə görə, hesablama alqoritmləri həftədə üç dəfə dəyişdirilib və sistemə rəsmi siyahıda olmayan 800 min identifikasiya nömrəsi əlavə edilib. O vurğulayıb ki, yalnız Milli Seçki Şurasının apardığı rəsmi yoxlamanın nəticələrini nəzərə alacaq və qəbul edəcək.

Qeydiyyat xidmətinin keçmiş rəhbəri Xuan Karlos Qalindo Vaça bu açıqlamaları “dezinformasiya” adlandırıb. O qeyd edib ki, ilkin və rəsmi hesablamalar arasındakı fərq adətən 1 faizi keçmir.

İvan Sepeda da prezidentin mövqeyini dəstəkləyərək bəzi seçki məntəqələrində “qeyri-adi səsvermə nümunələri”nin müşahidə olunduğunu bildirib.

Prezident seçkilərinin ikinci turunun iyunun 21-də, yeni dövlət başçısının andiçmə mərasiminin isə avqustun 7-də keçirilməsi gözlənilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş