ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda baş verən müəmmalı hadisə polis tərəfindən araşdırılır. Məlumata görə, azı 13 nəfər gecə saatlarında kanalizasiya lyuklarından yeraltı tunellərə daxil olaraq bir neçə saat sonra yenidən üzə çıxıb.
Hadisənin şahidləri bildiriblər ki, ilk qrup Bruklinin Qreyvsend bölgəsində, Makdonald avenyusu ilə Kolin Pleys küçəsinin kəsişməsində gecə saat 23:00 radələrində kanalizasiya lyukuna enib. Təxminən yeddi nəfərdən ibarət qrup yalnız üç saat sonra, gecə saat 02:00-da yenidən yer səthinə qayıdıb.
Bundan qısa müddət sonra, Heyvord-strit və Bedford-avenyu yaxınlığında daha bir qrup eyni hərəkəti edib. Təxminən səkkiz nəfərdən ibarət şəxslər gecə saat 01:00-da yeraltı tunellərə daxil olub, səhər saat 04:00-a yaxın isə lyukdan çıxaraq avtomobillə ərazidən uzaqlaşıblar.
Hadisə yerinə polis, yanğınsöndürənlər, kinoloqlar və ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər cəlb olunub. Aparılan yoxlamalar zamanı kanalizasiya sistemində hər hansı zədələnmə aşkar edilməyib.
Rəsmilər bildiriblər ki, kanalizasiya kollektorlarına və yeraltı tunellərə icazəsiz daxil olmaq qanunsuz olmaqla yanaşı, həyati təhlükə yaradır. Belə məkanlarda zəhərli qazların toplanması, qəfil su basması və torpaq sürüşməsi riski mövcuddur.
Hazırda hüquq-mühafizə orqanları hər iki hadisənin bir-biri ilə əlaqəli olub-olmadığını və şəxslərin yeraltı tunellərə hansı məqsədlə daxil olduqlarını araşdırır.
izmedia.az
![]()
