Səudiyyə Ərəbistanının nəhəng Neom layihəsində işlər dayandırılıb

3 Min Read

 

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın səhranın ortasında futuristik şəhər salmaq planı ciddi maliyyə və iqtisadi çətinliklərlə üzləşib. New York Post-un məlumatına görə, illərdir qlobal ekoloji və texnoloji utopiya kimi təqdim edilən Neom superlayihəsinin əsas hissələrində işlər faktiki olaraq dayandırılıb.

Layihənin ən iddialı hissəsi hesab olunan “The Line” 170 kilometr uzunluğunda və 500 metr hündürlüyündə xətti şəhər kimi nəzərdə tutulmuşdu. Burada gələcəkdə 9 milyon insanın yaşaması planlaşdırılırdı.

Daha əvvəl The Wall Street Journal tərəfindən yayılan daxili sənədlərdə “The Line” layihəsinin 2080-ci ilə qədər ümumi dəyərinin 8,8 trilyon dollara çata biləcəyi qeyd olunmuşdu.

Məlumata görə, dövlətə məxsus Neom şirkəti layihə üzrə əsas tikinti işlərini ən azı 2030-cu ilə qədər dayandırıb.

Prioritetlər dəyişir

Beynəlxalq analitik platforma Smarfor-un məlumatına əsasən, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) investisiya strategiyasını yenidən nəzərdən keçirib.

İranla davam edən gərginlik, regional təhlükəsizlik riskləri və qlobal enerji bazarındakı dəyişikliklər fonunda Ər-Riyad maliyyə vəsaitlərini daha çox liman infrastrukturu, logistika və süni intellekt məlumat mərkəzləri kimi strateji sahələrə yönəldir.

Bu səbəbdən bir sıra iri layihələrdə maliyyələşmə azaldılıb və ya tamamilə dayandırılıb.

Dayandırılan layihələr

Məlumata görə, aşağıdakı layihələr təsirlənib:

  • LIV Golf turnirinə ayrılan 5 milyard dollarlıq maliyyələşmə dayandırılıb;
  • 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi etməsi planlaşdırılan 46 min yerlik Neom Stadionunun taleyi qeyri-müəyyən olaraq qalır;
  • “The Line” layihəsini digər infrastruktur obyektləri ilə birləşdirməli olan NICC yüksək sürətli dəmir yolu xətti üzrə 1,6 milyard dollarlıq müqavilə ləğv edilib;
  • “The Line” ilə Oksaqon limanı arasında tikilən 57 kilometrlik hissədə işlər 20 faiz tamamlandıqdan sonra dayandırılıb;
  • 2029-cu il Asiya Qış Oyunlarına ev sahibliyi etməsi nəzərdə tutulan Trojena süni xizək kurortunun tikintisi də dayandırılıb.

Oksaqon layihəsi davam edir

Mənbələrin məlumatına görə, hazırda Neom layihəsi çərçivəsində yalnız kommersiya baxımından səmərəli hesab edilən istiqamətlər maliyyələşdirilir.

Bu layihələrdən biri Qırmızı dəniz sahilində inşa edilən Oksaqon sənaye və liman şəhəridir. Onun inkişafı üçün ayrılmış 3 milyard dollarlıq maliyyələşmə qüvvədə qalır.

Regional gərginlik iqtisadiyyata təsir edir

Məlumata görə, Yaxın Şərqdə davam edən hərbi qarşıdurmalar və logistika marşrutlarında yaranan problemlər Səudiyyə Ərəbistanının iqtisadi planlarına mənfi təsir göstərib.

Krallıq ixrac marşrutlarını yenidən təşkil etməyə, bəzi yükləri Hörmüz boğazından yan keçməklə daşımağa məcbur olub.

Bloomberg Economics-in inkişaf etməkdə olan bazarlar üzrə baş iqtisadçısı Ziyad Daud bildirib ki, regionda davam edən hərbi əməliyyatların hər ayı Səudiyyə Ərəbistanına ÜDM-in təxminən 1,5 faizi həcmində əlavə xərc yaradır.

Xarici investisiyalar gözlənilən səviyyədə deyil

Layihələrin ləngiməsinin digər səbəbi xarici investorların gözlənilən marağı göstərməməsidir.

Artan tikinti xərcləri və qlobal iqtisadi qeyri-müəyyənlik fonunda Neom layihəsinə xarici investisiya axını planlaşdırılan səviyyədən xeyli aşağı qalıb.

Qeyd olunur ki, Neom-un yeni baş direktoru Ayman əl-Mudayferin rəhbərliyi ilə aparılan audit nəticəsində layihələrin əhəmiyyətli hissəsinin yenidən qiymətləndirilməsi qərara alınıb.

Bundan əvvəl Ər-Riyadda inşası planlaşdırılan və dəyəri 50 milyard dollar qiymətləndirilən kub formalı “The Cube” (Mukaab) layihəsində də işlərin dayandırıldığı bildirilmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş