Ukrayna Aİ-dən hərbi xidmət yaşlı kişilərlə bağlı qaydaların dəyişdirilməsini istəyib

2 Min Read

Ukrayna Avropa Birliyindən hərbi xidmət yaşına çatmış kişilərin müvəqqəti müdafiə proqramından çıxarılması məsələsini nəzərdən keçirməyi xahiş edib. Bu barədə Avropa İttifaqının Miqrasiya Komissarı Maqnus Brunner məlumat verib.

“Kyiv Post” qəzetinin yazdığına görə, bu təklif ukraynalılar üçün müvəqqəti müdafiə mexanizminin 2028-ci ilədək uzadılması ilə bağlı müzakirələr çərçivəsində irəli sürülüb. Lakin Aİ-yə üzv ölkələr arasında fikir ayrılığı olduğundan məsələ ilə bağlı hələ yekun qərar qəbul edilməyib.

Müzakirələr Lüksemburqda aparılıb

DW-nin məlumatına görə, məsələ Lüksemburqda keçirilən Aİ-nin ədliyyə və daxili işlər nazirlərinin görüşündə gündəmə gətirilib. Nazirlər Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən ölkəni tərk etmiş ukraynalılar üçün müvəqqəti müdafiə statusunun uzadılmasını müzakirə ediblər.

Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Kiprin miqrasiya məsələləri üzrə müavini Nikolas İoannides bildirib ki, bütün üzv dövlətlər müvəqqəti müdafiə mexanizminin 2028-ci ilin mart ayınadək uzadılmasını dəstəkləyir.

Bununla yanaşı, bir sıra ölkələr proqramda dəyişikliklər edilməsini, o cümlədən Ukraynada səfərbərliyə cəlb oluna biləcək 23-60 yaş arası kişilərlə bağlı məhdudiyyətlərin tətbiqini təklif edirlər.

Aİ-də fikir ayrılığı qalır

Maqnus Brunner hərbi xidmət yaşlı kişilərin müvəqqəti müdafiə statusuna çıxışının məhdudlaşdırılması ilə bağlı müzakirələrə münasibət bildirərkən qeyd edib ki, bu məsələ Ukrayna tərəfinin də qaldırdığı mövzulardan biridir.

Bu məsələ xüsusilə Polşa, Almaniya, Avstriya, Çexiya və Baltikyanı ölkələr kimi çoxlu sayda ukraynalı qaçqın qəbul edən dövlətlərdə həssas mövzu hesab olunur.

Bununla belə, Aİ rəsmiləri hazırda heç bir qərarın qəbul edilmədiyini vurğulayırlar. Bildirilir ki, müzakirələr əsasən gələcək müraciət edən şəxslərə aiddir və artıq müvəqqəti müdafiə statusu almış ukraynalıların hüquqlarının dəyişdirilməsi məsələsi gündəmdə deyil.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş