ABŞ-ın vitse-prezidenti Cey Di Vens qarşıdan gələn ara seçkilərin hakim partiya üçün ənənəvi olaraq çətin keçdiyini bildirib və bunun Respublikaçılar üçün də müəyyən risklər yaratdığını qeyd edib.
Vens bu barədə “Fox News”a müsahibəsində danışıb. Onun sözlərinə görə, tarixi təcrübə göstərir ki, hakimiyyətdə olan partiyalar ölkədə vəziyyət sabit olsa belə, ara seçkilərdə tez-tez mövqelərini itirirlər.
Bununla yanaşı, vitse-prezident Respublikaçılar Partiyasının seçici dəstəyini qorumaq imkanlarının yüksək olduğunu vurğulayıb. O hesab edir ki, Prezident Donald Trampın əsas seçki vədlərinin yerinə yetirilməsi partiyanın mövqelərini gücləndirə bilər.
Vens Demokratlar Partiyasını da tənqid edərək bildirib ki, onlar amerikalı seçicilərin etimadını qazana biləcək güclü namizədlər irəli sürməkdə çətinlik çəkirlər.
Vitse-prezident, həmçinin ABŞ-ın İranın nüvə proqramı ilə bağlı məsələlərin həlli istiqamətində səylərini davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, Vaşinqton bu məsələdə İsrailin mövqeyindən asılı olmayaraq Tehranla dialoqu davam etdirmək niyyətindədir.
Vens qeyd edib ki, mümkün razılaşmanın uğuru onun mətnindən deyil, İranın üzərinə götürdüyü öhdəlikləri real şəkildə yerinə yetirməsindən asılı olacaq.
Qeyd edək ki, ABŞ-da ara seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilər zamanı Nümayəndələr Palatasının bütün üzvləri və Senatın üçdə biri yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasında çoxluq Respublikaçılar Partiyasına məxsusdur.
İzmedia.az
![]()

