Almaniyada 2025-ci ildə siyasi motivli cinayətlərin sayı rekord səviyyəyə yüksəlib. Bu, 2001-ci ildən etibarən belə statistikanın aparılmağa başlanmasından bəri qeydə alınan ən yüksək göstəricidir.
DW-nin məlumatına görə, narahatedici statistika Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və Federal Cinayət İdarəsinin (BKA) prezidenti Holger Münx tərəfindən təqdim olunub.
Mətbuat konfransında çıxış edən Dobrindt solçu ekstremistlər tərəfindən törədilən zorakılıq hallarının kəskin artdığını vurğulayıb.
“Solçu ekstremistlərin zorakılıq əməllərinin 42 faiz artması bu spektrdən qaynaqlanan təhlükənin getdikcə böyüdüyünü göstərir”, – deyə nazir bildirib.
Məlumata görə, 2025-ci ildə solçu ekstremistlərlə əlaqələndirilən təxminən 1100 zorakılıq hadisəsi qeydə alınıb. Bununla yanaşı, zorakılıq aktlarının sayı baxımından ifrat sağçı qruplar yenə də ön plandadır. Ötən il bu mühitlə əlaqəli təxminən 1600 zorakılıq hadisəsi qeydə alınıb.
“Bu rəqəmlər göstərir ki, ən böyük təhlükə hələ də sağçı ekstremizmdən qaynaqlanır”, – deyə Dobrindt vurğulayıb.
Hər saat orta hesabla 10 siyasi motivli cinayət
Statistikaya yalnız zorakılıq halları deyil, həmçinin əmlaka ziyan vurulması, təbliğat fəaliyyəti, təhqir və nifrətə çağırış kimi hüquq pozuntuları da daxildir.
Ümumilikdə, ötən il Almaniyada təxminən 86 min siyasi motivli cinayət qeydə alınıb. Bu da gündə orta hesabla 235, saatda isə 10 cinayət deməkdir.
Qeydə alınan bütün hadisələrin təxminən yarısının ifrat sağçı mühitlə əlaqəli olduğu bildirilir. Bu cinayətlərin böyük hissəsi nifrət zəminində törədilib. Onların arasında antisemit, islamofob və qaraçı icmasına qarşı yönəlmiş hücumlar üstünlük təşkil edir.
Antisemit xarakterli cinayətlərin sayı ötən illə müqayisədə 5 faiz artaraq 6500-dən çox olub.
Daxili işlər naziri bildirib ki, Almaniya buna qarşı qətiyyətlə mübarizə aparmalıdır.
“Yəhudi həyatının qorunması istiqamətində səylərimizi davam etdirəcəyimizi açıq şəkildə bəyan etmək istəyirəm”, – deyə Dobrindt qeyd edib.
BKA: Demokratiyanın təməlləri hədəfə alınır
Federal Cinayət İdarəsinin prezidenti Holger Münx siyasi motivli cinayətlərin artmasını cəmiyyətdə qütbləşmənin güclənməsi ilə əlaqələndirib.
Onun sözlərinə görə, bu proses radikallaşmaya, nəticədə isə siyasi rəqiblərə və ya siyasi sistemin özünə qarşı zorakılığa səbəb ola bilər.
Münx xarici mənbələrdən yayılan təbliğatın da bu prosesə təsir göstərdiyini bildirib.
BKA rəhbəri həmçinin Ukraynadakı müharibə, Yaxın Şərqdəki gərginlik və Qəzza zolağındakı vəziyyət kimi beynəlxalq münaqişələrin Almaniyadakı ictimai mühitə təsir etdiyini vurğulayıb.
O qeyd edib ki, bu bölgələrdən Almaniyada yaşayan insanların böyük əksəriyyəti qanunlara riayət edir və dinc həyat sürür.
Holger Münxun sözlərinə görə, siyasi motivli cinayətlərin artması demokratik cəmiyyət üçün ciddi təhlükə yaradır.
“Statistika göstərir ki, qadınlara və LGBTQ+ icmasının nümayəndələrinə qarşı cinayətlər də daxil olmaqla, demək olar ki, bütün kateqoriyalar üzrə artım müşahidə olunur. Sosial mühit getdikcə daha da gərginləşir. Demokratiyamızın təməllərinə hücum edilir”, – deyə o bildirib.
İzmedia.az
![]()

