“The New York Times” (NYT) qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ABŞ-ın Ankaraya beşinci nəsil F-35 qırıcı təyyarələrinin satışını təsdiqləməyə hazır olduğunu bildirməsi gözlənilir.
Qəzetin məlumatına görə, Trampın bu addımı necə həyata keçirmək və Konqresin Türkiyəyə F-35 təyyarələrinin tədarükünə qoyduğu qadağanı necə aşmaq niyyətində olduğu hələ də məlum deyil. Amerika administrasiyasının anonim nümayəndələri liderlərin Türkiyənin F-35 proqramına qaytarılması prosesinə başlamaq üçün rəsmi məktublar mübadiləsi apara biləcəklərini irəli sürüblər. ABŞ lideri iyulun 7-də NATO sammitində iştirak etmək üçün Türkiyəyə yola düşəcək.
Qəzetin qeyd etdiyi kimi, Amerika rəsmiləri Ağ Ev rəhbərinin hələ də fikrini dəyişə biləcəyini istisna etməyiblər. İyunun sonlarında Brüsseldə yerləşən Euractiv portalı ABŞ-ın Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərindən imtina etməsi, lakin onları Rusiyaya qaytarmaması və “üçüncü ölkəyə” satması halında F-35 təyyarələrinin satılması ideyasına qayıda biləcəyini bildirib.
ABŞ, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən 2019-cu ildə F-35 proqramından çıxardı. ABŞ bu qərarını Türkiyənin hər iki sistemi silahlı qüvvələrində istifadə etməklə F-35-in S-400 sisteminə qarşı zəifliyi barədə məlumat toplaya biləcəyi ilə bağlı narahatlıqla əsaslandırdı.
Ankara ilə münasibətləri pisləşən İsrail və Türkiyənin NATO müttəfiqi, eyni zamanda Ankaranın tarixi düşməni olan Yunanıstan da F-35 təyyarələrinin Türkiyəyə verilməsinə fəal şəkildə qarşı çıxırlar. Yunanıstan və İsrail iddia edirlər ki, F-35-lərin Türkiyəyə verilməsi “regional güc balansını pozacaq”.
![]()

