Avstriyanın Adolf Hitlerin doğulduğu Braunau am Inn şəhərində polis bölməsi açılıb. Reuters agentliyinin verdiyi məlumata görə, Avstriyanın daxili işlər naziri Gerhard Karnerin qatıldığı rəsmi açılış mərasimi iyulun 22-də baş tutub.
Avstriya hakimiyyəti evin sahibi ilə illərlə davam edən hüquqi mübarizə apardı və bu da 2016-cı ildə binanın müsadirə edilməsi ilə nəticələndi. Hitlerin doğulduğu evin sökülməsi planları var idi, lakin bunlar sonda tərk edildi və bina polis bölməsinə çevrildi.
2020-ci ildə binanın yenidənqurma müsabiqəsinin nəticələri açıqlandıqda, onun polis bölməsinə çevrilməsinə beş milyon avro xərclənəcəyi bildirilmişdi.
Reuters-in qeyd etdiyi kimi, indi bizə Hitlerin bu binada anadan olduğunu xatırladan yeganə şey, Mauthauzen həbs düşərgəsindən gətirilmiş və üzərində “Faşizm – bir daha heç vaxt” yazısı həkk olunmuş evin yaxınlığındakı xatirə daşıdır.
Adolf Hitler 1889-cu ildə Zaltsburq yaxınlığındakı Braunau am Inn-də bir evdə anadan olub. İllər ərzində evdə məktəb, kitabxana və əlilliyi olan insanlar üçün sığınacaq yerləşib.
İzmedia.az
![]()

