“MGR Online” nəşrinin məlumatına görə, rusiyalı qadın Myanmadakı fırıldaqçılıq mərkəzindən qaçmaq üçün iki ölkəni ayıran Sai çayını üzərək Taylanda keçib.
Taylandın şimalındakı Çianq Ray əyalətinin Mae Sai rayonunda polis Myanma sərhədindəki Taçileyk şəhərində fiziki hücuma məruz qalan və kömək istəmək üçün çayı keçərək ölkəyə daxil olan 19 yaşlı Rusiya vətəndaşı Mariyanın işini araşdırır. Tapılan zaman şok vəziyyətində olan qadının qollarında və ayaqlarında qançırlar olub. Turist polisi onu dərhal yerli xəstəxanaya aparıb və orada lazımi tibbi yardım göstərilib.
İlkin araşdırmaya əsasən, rusiyalı qadın əvvəlcə işləmək məqsədilə Çinə gedib, daha sonra Tayland və Myanmaya yollanıb. Yanqona çatdıqdan sonra o, Mandalay, ordan isə Taçileyk şəhərinə göndərilib və orada fiziki hücuma məruz qalıb. Hüquq-mühafizə orqanları Rusiya vətəndaşının onlayn fırıldaqçılığın qurbanı ola biləcəyindən şübhələnirlər.
Taylandda yerli pikap sürücüsü qadını görüb kömək təklif edib və onu yaxınlıqdakı ticarət mərkəzinin dayanacağına aparıb. Qadın anası ilə əlaqə saxlamağı xahiş edib və dərhal Rusiyaya qayıtmaq istədiyini bildirib. Nəşrin məlumatına görə, yerli hakimiyyət orqanları baş verən hadisə ilə bağlı Taylanddakı Rusiya səfirliyinə məlumat veriblər.
Öz növbəsində, Rusiya səfirliyinin Banqkokdakı konsulluq şöbəsi “TASS” agentliyinə bildirib ki, Myanmadan qaçan rusiyalı qadınla bağlı hələlik yerli hakimiyyət orqanlarından rəsmi məlumat almayıblar.
İzmedia.az
![]()

