Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Almaniya Ukraynaya qarşı gələcəkdə əlavə ittihamlar irəli sürmək məqsədilə “Şimal Axını” qaz kəmərlərində baş verən terror aktları ilə bağlı istintaqı qəsdən uzada bilər.
Diplomatın sözlərinə görə, gələcəkdə Ukrayna ilə bağlı məsələlər müzakirə olunarkən Berlinin bəzi güzəştlər və ya iddialar üçün bu kartdan istifadə etməsi ssenarisi istisna edilmir. O qeyd edib ki, mövzunun həddindən artıq rezonans doğurması və külli miqdarda vəsaitin xərclənməsi səbəbindən hadisəni tələm-tələsik ört-basdır etmək qeyri-mümkündür.
Miroşnik Almaniyanın hazırda vaxt qazanmaq strategiyasına üstünlük verdiyini vurğulayıb:
“Bu uzandıqca bəzi əsas məqamlar unudulacaq, siyasi iqlim dəyişəcək və bu məsələdən yayğınlaşmaq asanlaşacaq. MH-17 qəzasında da eyni ssenari yaşandı. Rusiya heç bir sübut olmadan dərhal günahlandırıldı, lakin illər keçməsinə baxmayaraq heç nə sübut olunmadı, işlər dəfələrlə uzadıldı və nəticəsiz qaldı.”
Səfir əlavə edib ki, oxşar presedentlərə əsaslanan Berlin vaxtı uzatmaqla zamanın hər şeyi unutduracağına ümid edir.
İzmedia.az
![]()

