Rusiya Ali Məhkəməsi “Yabloko” partiyasını seçkilərdən kənarlaşdırdı

2 Min Read

Rusiya Ali Məhkəməsi “Rodina” partiyasının iddiası əsasında sentyabrın 18-20-nə təyin olunmuş Dövlət Dumasına seçkilərdə “Yabloko” partiyasının namizədlər siyahısının qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Bu barədə “Kommersant” məlumat yayıb.

Məhkəmə instansiyası “Yabloko”nun əqli mülkiyyət hüquqlarının pozulmasına yol verdiyini etiraf edib. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, partiyanın həmtəsisçisi Qriqori Yavlinskinin “Atəşkəs üçün necə səs verməli” sərlövhəli müsahibəsi seçkiqabağı təşviqat materialı hesab olunur. Partiya həmin müsahibədə “Həmişə günəş olsun” mahnısının sözlərindən, siyasi partiyaların emblemlərindən, Dmitri Medvedev və Viktoriya Boniyanın təsvirlərindən, eləcə də Sergey Bondarçukun “Müharibə və sülh” filmindən kadrların istifadə olunmasına dair icazələrin mövcudluğunu sübut edə bilməyib.

Məhkəmə müzakirələri zamanı Baş Prokurorluğun nümayəndəsi “Yabloko”nun seçkilərdən kənarlaşdırılmasının lehinə çıxış edib. Onun sözlərinə görə, partiya əqli mülkiyyətin istifadəsində pozuntulara yol verib və onda xarici maliyyələşmə aşkar edilib. Eyni zamanda, prokuror “Yabloko”nun ekstremizmlə mübarizə qanunvericiliyini pozması ilə bağlı arqumentlərin təsdiqini tapmadığını qeyd edib.

MSK nümayəndəsi məhkəmədə bildirib ki, Росфинмониторинг-dən (Maliyyə Monitorinqi Xidməti) daxil olan sənədə əsasən, “Yabloko”nun Dövlət Dumasına deputatlığa namizədləri seçki ilindən əvvəlki dövrdə xarici maliyyələşmə alıblar, partiyanın kontragentləri arasında isə xarici mənbələrdən vəsait daxil olan bir neçə hüquqi şəxs aşkar edilib. Bununla belə, MSK nümayəndəsi qeyd edib ki, maliyyələşmə məsələsi cari iddia çərçivəsində baxış predmeti ola bilməz, lakin başqa iş üzrə araşdırma mövzusuna çevrilə bilər.

“Yabloko”nun sədri Nikolay Rıbakov yekun çıxışında məhkəməni partiyanın seçkilərdən kənarlaşdırılması haqqında iddiadan imtina etməyə çağırıb. Onun sözlərinə görə, partiyanın kənarlaşdırılması siyasi sistemə, parlament seçkilərinə və bütövlükdə Rusiyada parlamentarizmə zərbədir. “Mən iddiaçı nümayəndələrinə bizi öldürülmək istəməyən insanların dəstəklədiyini necə izah edəcəyimi bilmirəm”, – deyə Nikolay Rıbakov bildirib. O əlavə edib: “Biz mövqeyimizi nəzərə alaraq Rusiyada çox çətin şəraitdə işləyirik. Rusiyada qalmaq bizim üçün prinsipcə vacibdir. Lakin biz öz baxışlarımızı seçki prosesi çərçivəsində – yaşadığımız, Rusiyada yaşamaq istəyən və ölkəmizin gələcəyinə inanan insanlarla birlikdə müdafiə edəcəyik”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş