INTERPOL Avropanın yüksək səviyyəli polis rəhbərlərini İspaniyanın Toledo şəhərində keçirilən təcili zirvədə bir araya gətirib. Görüşdə sərhədlərarası mütəşəkkil cinayətkarlığın yeni formaları və artan təhlükələr müzakirə olunub.
Təşkilat xüsusilə süni intellekt dəstəkli cinayət şəbəkələri, kiberdələduzluq, insan alveri və narkotik qaçaqçılığı kimi transmilli cinayətlərin sürətlə genişlənməsi barədə xəbərdarlıq edib.
Məlumatlara görə, “crime-as-a-service” adlı yeni model çərçivəsində haker qrupları, saxta çağrı mərkəzləri və pul yuma şəbəkələri birləşərək qlobal cinayət iqtisadiyyatı formalaşdırır. INTERPOL rəhbərliyi bu strukturların artıq “sərhədsiz və görünməz şəbəkələr” üzərindən fəaliyyət göstərdiyini bildirib.
Zirvədə həmçinin Latın Amerikası mənşəli narkotik marşrutlarının Avropa limanlarına qədər uzanması və konteyner daşımaları vasitəsilə qaçaqçılığın artması xüsusi vurğulanıb.
İnsan alveri ilə bağlı “Liberterra III” əməliyyatı çərçivəsində 4 mindən çox potensial qurbanın xilas edildiyi və minlərlə şübhəlinin saxlanıldığı açıqlanıb.
Toplantıda kibercinayətkarlığın yeni mərhələyə keçdiyi, xüsusilə kriptovalyuta və süni intellekt əsaslı dələduzluq hallarının sürətlə artdığı qeyd olunub. INTERPOL rəsmiləri klassik polis metodlarının artıq təkbaşına kifayət etmədiyini vurğulayıblar.
Məlumatda Türkiyə-nin də INTERPOL ilə əməkdaşlığı gücləndirdiyi və müxtəlif beynəlxalq əməliyyatlarda aktiv rol aldığı bildirilib.
![]()
