“Sky News”un araşdırmasına əsasən, 1300-dən çox “Strava” istifadəçisi Yaxın Şərqdəki ABŞ hərbi bazalarındakı təlim məlumatlarını paylaşıb. Bu məlumatlar İrana ABŞ qoşunlarının hərəkətini izləməyə və hücum hədəflərini müəyyənləşdirməyə şərait yarada bilər.
Tətbiq vasitəsilə qaçış, velosiped sürmə və üzgüçülük marşrutlarının paylaşılması hərbçilərin gündəlik marşrutlarını, personalın yerləşməsi və yerdəyişməsi modellərini üzə çıxarıb. Şəxsi heyətin əksəriyyəti məşqləri real adları ilə paylaşıb. Mütəxəssislər bildirir ki, bu məlumatlar hərbçilərin rutin hərəkətlərini əks etdirən “həyat modeli”ni formalaşdırır. Xüsusi əməliyyatlar üzrə ekspert Conatan Hekket İranın bu məlumatlardan istifadə etdiyini istisna etmir.
Araşdırma çərçivəsində bir sıra diqqətçəkən hallar müəyyən olunub:
-
Bəhreyn: Manamadakı ABŞ dəniz bazasında idman edən bir istifadəçi sonradan “Crowne Plaza” oteli ətrafındakı marşrutlarını paylaşıb. Altı gün sonra İranın otelə hava zərbəsi nəticəsində iki Pentaqon əməkdaşı yaralanıb.
-
İordaniya: Müvəffəq əs-Salti bazasındakı marşrutların 76%-nin şərq hissədəki kazarmalarda kəsişdiyi məlum olub. İyulun 17-də İranın həmin kazarmalara endirdiyi zərbə nəticəsində üç hərbçi həlak olub.
Lakin hər iki halda “Strava” məlumatları ilə hücumlar arasında birbaşa əlaqə rəsmən sübut olunmayıb.
Sızma yalnız ABŞ ordusu ilə məhdudlaşmır; Kiprdəki Britaniya bazasından 12 mindən çox məşq, İsrailin Dimona nüvə mərkəzində isə idman edən üç istifadəçi qeydə alınıb.
Pentaqon məsələyə şərh verməyib. “Strava” tərəfi isə istifadəçi məxfiliyinə ciddi yanaşdığını və müvafiq tənzimləmə alətləri təqdim etdiyini bildirib. Qeyd edək ki, Pentaqonun 2018-ci ildə xidmət zamanı tətbiqin geolokasiya funksiyalarını qadağan etməsinə baxmayaraq, məlumatların dərc olunması davam edir.
İzmedia.az
![]()

