Yaponiya hökuməti sursat və silah istehsalını artırmaq, həmçinin ölkənin uzunmüddətli hərbi əməliyyatlara hazırlığını gücləndirmək məqsədilə müdafiə sənayesi müəssisələrinin milliləşdirilməsi imkanını müzakirə edir.
İzmedia.az bildirir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, zavodların milliləşdirilməsi onların birbaşa dövlət büdcəsindən maliyyələşdirilməsinə şərait yarada bilər. Eyni zamanda, təklif olunan variantlardan biri istehsal prosesinin idarə olunmasının özəl şirkətlərin əlində qalmasını nəzərdə tutur.
Uzun illər ərzində Yaponiyada silah ixracına ciddi məhdudiyyətlər tətbiq olunub və bu məhdudiyyətlər hazırda da müəyyən hallarda qüvvədədir. Bu isə hərbi məhsulların əsasən kiçik həcmdə istehsalına səbəb olur, nəticədə xərclər artır və gəlirlilik azalır. Belə şəraitdə bir çox şirkət müdafiə sektorunu tərk etməyə üstünlük verir.
Yaponiya Müdafiə Nazirliyi isə son dövrlərdə sursat çatışmazlığı riski ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib. “Nikkei” qəzetinin məlumatına görə, ölkənin mövcud silah ehtiyatları maksimum iki ay davam edə biləcək intensiv döyüş əməliyyatları üçün kifayət edir.
Bu addımlar Tokionun regional təhlükəsizlik mühitində artan risklər fonunda müdafiə qabiliyyətini gücləndirmək niyyətindən xəbər verir.
İzmedia.az
![]()

