“Bentley Bentayga”nın sabiq dizayneri, hazırda “Hyundai Motor Group”un baş dizayneri olan San-Yop Li “Genesis GV90” modelini brendin ilk həqiqi lüks avtomobili və xüsusi “status göstəricisi” kimi dəyərləndirib.
Avtomobil xüsusi “eMP” elektrik platformasında hazırlanıb. 3,245 metrlik təkər bazası və tam hamar döşəməsi sayəsində geniş salona malik olan model 7 nəfərlik standart, eləcə də fırlanan ön və dəbdəbəli arxa oturacaqlara malik 4 nəfərlik “Neolun” komplektasiyasında təklif olunur. Flakmanın ən diqqətçəkən xüsusiyyəti isə B-sütunu olmayan və gediş istiqamətinin əksinə açılan arxa qapılarıdır. Təbii daş, ağac və kaşmir detallarla bəzədilmiş salon şəxsi təyyarə mühitini xatırladır.
Qabaqcıl texnologiyalarla təchiz edilən modeldə 25 düymlük sürücü paneli və 23,6 düymlük multimedia ekranı yer alıb. Avtomobil 648 at güclü iki elektrik mühərriki və 123,5 kVt/saatlıq batareya ilə təmin olunub. Bir dəfəyə 500 km məsafə qət edən GV90-nın batareyası 800 voltluq arxitektura sayəsində 22 dəqiqəyə 10%-dən 80%-ə qədər sürətli şarj toplayır.
Cənubi Koreyada satışlarına gələn ay başlanacaq model 2027-ci ilin birinci yarısında Avropa bazarına çıxarılacaq. Təxminən 115.000 avrodan başlayan qiymətilə GV90 markanın ən bahalı modeli ünvanını alır.
İzmedia.az
![]()

