Rusiya Xarici İşlər Nazirliyi Qərb ölkələrinin “Cənubi Qafqaz Dəmir Yolu” (CQD) güzəşt müqaviləsi ilə bağlı Ermənistan rəhbərliyinə təzyiq göstərdiyini bəyan edib. TASS agentliyinə verilən açıqlamada bildirilir ki, Qərb İrəvandan nəqliyyat sektorundakı “Rusiya faktoru”nu aradan qaldırmağı tələb edir, bunun müqabilində isə iqtisadi səmərəliliyi şübhə doğuran layihələr və milyonlarla dollarlıq investisiyalar vəd edir.
Moskva bu addımları Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq cəhdi kimi qiymətləndirib. Nazirlik vurğulayıb ki, CQD öz öhdəliklərini məsuliyyətlə yerinə yetirir, indiyədək infrastruktura 30 milyard rubldan çox sərmayə yatırıb və hərəkət heyətini yeniləyib.
Rusiya tərəfi İrəvanın “Rusiya güzəştinin Ermənistanın logistika təşəbbüslərinə mane olması” barədə iddialarını əsassız adlandıraraq, Ermənistan rəhbərliyini ictimaiyyətə bəyanatlar verməzdən əvvəl məsələləri danışıqlar masası arxasında həll etməyə çağırıb.
İzmedia.az
![]()

