ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında İrana məxsus strateji Xark adasının hücuma məruz qalmasını əks etdirən və süni intellekt (AI) vasitəsilə hazırlanmış videoçarx paylaşıb.
Hərbi təyyarə pilotunun nöqteyi-nəzərindən çəkilmiş 10 saniyəlik görüntülərdə adadakı neft infrastrukturu obyektlərinin və çənlərin raket zərbələrindən sonra alov içində qalması təsvir olunub. Tramp paylaşımına “Xark adası darmadağın edilir!!!” (“Kharg Island being blown to smithereens!!!”) sözlərini qeyd edib.
Ağ Ev və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məsələ ilə bağlı rəsmi şərh verməyib. Qeyd edək ki, video paylaşımı ABŞ qüvvələrinin Hörmüz boğazında yerləşən Larək adasındakı İran raket qurğularına endirdiyi nöqtəli zərbələrdən dərhal sonraya təsadüf edib.
İranın neft ixracının təxminən 90 faizini həyata keçirən Xark adasına həqiqətən zərbə endirilməsinə dair heç bir müstəqil sübüt və ya rəsmi təsdiq mövcud deyil.
İzmedia.az
![]()

