BMT Qazaxıstanın təşəbbüsü ilə 22 apreli Beynəlxalq Planetin Yaşıllaşdırılması Günü elan edib

2 Min Read
BMT Baş Assambleyası Qazaxıstanın təşəbbüsü ilə aprelin 22-ni “Beynəlxalq Planetin Yaşıllaşdırılması Günü” elan edən xüsusi qətnamə qəbul edib. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Sözügedən beynəlxalq günün təsis edilməsi təşəbbüsü ilk dəfə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən 2025-ci ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyasındakı ümumi müzakirələr zamanı irəli sürülüb. Dünyanın müxtəlif regionlarını təmsil edən 32 dövlət qətnamənin həmmüəllifi kimi çıxış edərək təşəbbüsə geniş dəstək nümayiş etdirib.
Qazaxıstan XİN-dən bildirilib ki, qətnamənin qəbul olunması Astananın qlobal ekoloji gündəliyin təşviqinə verdiyi ardıcıl töhfənin, eləcə də ətraf mühitin qorunması, ekosistemlərin bərpası, yaşıl ərazilərin genişləndirilməsi və ekoloji mədəniyyətin formalaşdırılması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsinin bariz göstəricisidir.
Sənədin ana məqsədi təbii ekosistemlərin yaşıllaşdırılması və bərpasının əhəmiyyəti barədə qlobal ictimaiyyətin məlumatlılığını artırmaq, eləcə də dövlətləri, BMT sistemini, beynəlxalq və regional təşkilatları, vətəndaş cəmiyyətini bu istiqamətdə birgə layihələr icra etməyə təşviq etməkdir.
Diplomatik idarənin açıqlamasında həmçinin qeyd olunur ki, yeni beynəlxalq günün təsis edilməsi Qazaxıstanda uğurla həyata keçirilən, ətraf mühitə məsuliyyətli yanaşmanın aşılanmasına və ərazilərin abadlaşdırılmasına yönəlmiş “Təzə Qazaxıstan” (“Təmiz Qazaxıstan”) ümumxalq ekoloji kampaniyası ilə tam üst-üstə düşür. Bu adım dövlət başçısının daha bir beynəlxalq təşəbbüsünün praktiki müstəviyə keçdiyini və ölkənin gələcək nəsillər üçün dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini təsdiqləyir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş