İsveç mütəşəkkil cinayətkarlıqla mübarizəni sərtləşdirir: Qanunsuz dəstə rəhbərlərinə ömürlük həbs cəzası gözlənilir

2 Min Read
İsveç hökuməti ölkədə kök salmış mütəşəkkil cinayətkar qruplaşmalara qarşı mübarizə tədbirlərini kəskin sərtləşdirən yeni qanun layihəsi hazırlayıb. Sənədə əsasən, mütəşəkkil cinayətkar dəstələrdə hər hansı formada iştirak və onların fəaliyyətinə dəstək vermək birbaşa cinayət məsuliyyəti yaradacaq, dəstə liderləri üçün isə ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Bu barədə keçirilən mətbuat konfransında İsveçin Baş naziri Ulf Kristersson (Ulf Kristersson) bəyanat verib. Hökumət rəhbəri vurğulayıb: “Mütəşəkkil cinayətkar qrupda iştirak etmək mütləq şəkildə cəzalandırılmalıdır. Çünki cinayətkarlığa müxtəlif yollarla yardım edənlərə, onu təşviq edənlərə və xüsusən də törədilən cinayətlərdən çox vaxt pərdəarxasında uzaq duran şəbəkə liderlərinə çatmaq bizim üçün həyati əhəmiyyət kəsb edir”.
Cəzalar və hüquqi çərçivə
2027-ci il aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulan yeni qanun layihəsi daxilində cəza şkalası aşağıdakı kimi müəyyənləşdirilib:
  • Kriminal dəstəyə üzvlük: 4 ilə qədər azadlıqdan məhrumetmə;
  • Ağırlaşdırıcı hallarda iştirak: 2 ildən 8 ilə qədər həbs;
  • Qruplaşma liderləri: 2 ildən 18 ilə qədər həbs və ya ömürlük azadlıqdan məhrumetmə cəzası.
Yenilənmiş hüquqi normaya əsasən, mütəşəkkil cinayətkar qrup – qanunsuz iqtisadi və ya digər mənfəətlər əldə etmək məqsədilə uzunmüddətli cinayətkar fəaliyyətlə məşğul olan və ya ona dəstək verən iki nəfərdən çox şəxsin birliyi kimi təsbit edilir. Qanun birbaşa cinayətkarlara, onların köməkçilərinə və şəbəkə rəhbərlərinə şamil olunacaq. İstintaq orqanlarına cinayətlərin açılması üçün gizli dinləmə və izləmə tədbirlərindən geniş istifadə hüququ verilir.
İsveçdə dəstələrin statistikası nə deyir?
İsveç Polisinin təqdim etdiyi son rəsmi statistikaya görə, ölkədə kriminal şəbəkələrlə bu və ya digər formada əlaqəsi olan şəxslərin ümumi sayı 50-60 min nəfər arasında qiymətləndirilir. Onlardan təxminən 14 mini mütəşəkkil cinayətkar qrupların fəal üzvü hesab olunur.
Təhlillər göstərir ki, kriminal aləmdə olanların 88%-ni İsveç vətəndaşları təşkil edir (onların 8%-i ikili vətəndaşlığa malikdir), qalan 12%-i isə xarici ölkə vətəndaşlarıdır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş