Qlobal istiləşmə səbəbindən dəniz suyunun temperaturunun yüksəlməsi Yaponiyada delikates sayılan fuqu balığının hazırlanmasını çətinləşdirir. “This Week in Asia” jurnalının məlumatına görə, pufferbalıq növünə aid balıqlar arealını dəyişərək şimala doğru hərəkət edir və digər növlərlə çarpazlaşaraq hibridlər yaradır. Bu isə insan üçün ölümcül olan tetrodotoksin maddəsinin balığın hansı orqanında toplanmasını qeyri-müəyyən edir.
Məlumata əsasən, Yaponiyanın sahil sularında temperatur qlobal ortalamadan iki dəfə sürətlə artır. Fukuşima və İbaraki sahillərində tutulan bu tür balıqların artıq 40%-ni hibridlər təşkil edir. Mütəxəssislər bildirirlər ki, hibridlərin təhlükəsi onların daha zəhərli olmasında deyil, toksinin hansı toxumalarda yığılmasının əvvəlcədən bilinməməsindədir.
Yaponiya hökuməti hibrid balıqların satışını və istifadəsini qadağan etsə də, onları vizual olaraq fərqləndirmək çətindir. Şimonoseki Milli Balıqçılıq Universitetinin professoru Hiroşi Takahaşinin komandası bu problemi həll etmək üçün xüsusi DNT testi hazırlayıb.
İzmedia.az
![]()

