Sentyabrın 7-si səhər saatlarında Perm diyarına təxminən 34 Ukrayna pilotsuz uçuş aparatı (PUA) ilə kütləvi hücum həyata keçirilib. Bölgə rəhbəri Dmitri Maxoninin “Telegram” kanalında verdiyi məlumata görə, hücum zamanı dronlardan biri Perm şəhərindəki çoxmərtəbəli yaşayış binasına çırpılıb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.
“Astra” nəşrinin şahid videolarına əsaslanan təhlilinə görə, zərbə Svetloqorskaya küçəsi 19 ünvanında yerləşən binaya dəyib. Yaşayış binasının sakinləri üçün müvəqqəti sığınacaqlar təşkil olunub.
Hücum zamanı Permin müdafiə sənayesi və energetika obyektləri də hədəf alınıb. “Qrad” və “Smerç” yaylım atəşli raket sistemləri üçün mərmilər istehsal edən “Perm Barıt Zavodu” və raket mühərrikləri üçün komponentlər hazırlayan “Maşinostroitel” müəssisəsinin yerləşdiyi Zakamsk mikrorayonu üzərində tüstü dumanı qeydə alınıb. Monitorinq kanallarının məlumatına görə, PUA-lar həmçinin avqustun 21-də zərbəyə məruz qalmış “Lukoyl-Permnefteorqsintez” neft emalı zavodunu da hədəfə alıblar.
Digər regionlara hücumlar:
-
Voronej vilayəti: Qubernatorun sözlərinə görə, Voronej şəhəri və 12 rayonda 33 dron məhv edilib. Dağıntılar (3 yaşayış binası, avtomobillər və qeyri-yaşayış obyekti) qeydə alınsa da, tələfat olmayıb.
-
Udmurtiya: Bir neçə PUA Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən zərərsizləşdirilib, xəsarət alan və ya dağıntı bildirilmir.
Rusiya Müdafiə Nazirliyinin xülasəsinə görə, gecə ərzində ölkənin 17 regionu, ilhaq edilmiş Krım, habelə Qara və Azov dənizləri üzərində ümumilikdə 306 Ukrayna PUA-sı vurulub.
İzmedia.az
![]()

