Fuji dağına mövsümdənkənar dırmananlar xilasetmə xidmətlərinə görə ödəniş edəcəklər

1 Min Read
Yaponiyanın Yamanaşi prefekturasının hakimiyyət orqanları gələn ildən etibarən rəsmi mövsümdən kənarda Fuji dağına dırmanan və təhlükəyə düşən turistlər üçün helikopterlə xilasetmə xidmətini ödənişli edir.
BBC News-un məlumatına görə, bu qərar riskli və kifayət qədər hazırlanmamış yoxuşların sayını azaltmaq məqsədi daşıyır. Yeni qaydalara əsasən, sentyabrın başlanğıcından iyulun əvvəlinə kimi davam edən mövsümdənkənar dövrdə zirvəyə qalxmaq istəyən şəxslər əvvəlcədən ətraflı marşrut planı təqdim etməlidirlər.
Helikopterlə xilasetmə üçün dəqiq tariflər hələ rəsmiləşdirilməsə də, Yamanaşi rəhbərliyi qonşu Saitama prefekturasının təcrübəsindən istifadə edərək hər 5 dəqiqə üçün 8 000 yen (təxminən 51 dollar) ödəniş tətbiq etməyi planlaşdırır. Yamanaşi qubernatoru Kotaro Naqasaki bu addımın turistləri qış şəraitində dırmanmanın təhlükələri haqqında daha məsuliyyətli düşünməyə vadar edəcəyini bildirib.
Dağın cənub hissəsinə nəzarət edən Şizuoka prefekturası da qaydaları sərtləşdirir. Mövsümdənkənar marşrut planını qeydiyyatdan keçirməyən və qapalı yollara daxil olmağa cəhd edən şəxslər cərimələnəcəklər.
Hər il 3 776 metr hündürlükdə olan Fuji dağına 200 minə yaxın insan dırmanır. Mövsümdənkənar dövrdə hava şəraitinin kəskinləşməsi, sığınacaqların və infrastrukturun bağlı olması təhlükə riskini dəfələrlə artırır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş