Ermənistanın Baş naziri Nikol Paşinyan “Hərtərəfli Təhlükəsizlik və Dözümlülük – 2026” beynəlxalq konfransındakı çıxışı zamanı ölkəsinin təhlükəsizlik siyasəti və silah təchizatı ilə bağlı mühüm bəyanatlar verib. O bildirib ki, 2022-ci il Praqa Sazişindən sonra Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdıqdan və İrəvan KTMT-dəki üzvlüyünü dondurduqdan sonra ölkə üçün beynəlxalq silah bazarları açılıb.
Paşinyanın sözlərinə görə, 2022-ci ilin avqustuna olan məlumata əsasən, hətta pulu ödənilmiş hərbi təchizatlar bile Ermənistana təhvil verilmirdi. Bəzi ölkələr KTMT üzvlüyünə görə silahların üçüncü tərəfə ötürülməsi riskini, digərləri isə bu silahların beynəlxalq səviyyədə tanınmış ərazidən kənarda istifadə olunacağı narahatlığını əsas gətirərək satışdan imtina edirdilər. Lakin Mayın 28-də keçirilən hərbi paraddan sonra İrəvanın ordudan yalnız öz suveren ərazisini qorumaq üçün istifadə edəcəyi aydınlaşdı və bu narahatlıqlar aradan qalxdı.
Hökumət başçısı vurğulayıb ki, 2022-ci ilin sentyabr hadisələrindən sonra təhlükəsizlik modelini dəyişmək məcburiyyəti yaranıb:
“2022-ci ildə biz Ermənistanın dövlətçiliyini, suverenliyini və müstəqilliyini itirmək üzrə idik. Əgər düşüncə modelimizi dəyişməsəydik, ölkəni itirəcəydik. 2022-ci ilə qədər təhlükəsizlik formulumuz yalnız bir cümlədən ibarət idi: ‘KTMT təhlükəsizliyimizi təmin edəcək’. Bu, tək komponentli bir sistem idi”.
Paşinyan əlavə edib ki, döyüşə hazır ordusu olmayan dövlət hər zaman təcavüz hədəfinə çevrilə bilər. Bu səbəbdən Ermənistan hazırda beynəlxalq səviyyədə tanınmış ərazisini müdafiə edə biləcək müasir və döyüşqabiliyyətli ordu quruculuğunu davam etdirir.
İzmedia.az
![]()

