Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında danışıqlar şənbə günü başlayacaq və bir neçə gün davam edəcəyi gözlənilir.
Məlumata görə, görüşlər qapalı formatda keçiriləcək və ən çox ehtimal olunan məkan Serena Otelidir. Daha əvvəl otel əməkdaşlarından biri obyektin ABŞ və İran nümayəndə heyətlərini qəbul etməyə hazırlaşdığını bildirmişdi.
Danışıqlardan sonra mətbuat konfransının keçirilməsi gözlənilir. ABŞ və İranın Pakistandakı səfirlikləri isə İslamabadda planlaşdırılan danışıqlara hazırlıqla bağlı təfərrüatlar barədə TASS-ın sorğusuna hələlik cavab verməyiblər.
Qarşıdan gələn görüşlərlə əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Hakimiyyət orqanlarının məlumatına əsasən, bu tədbirlər xarici nümayəndə heyətlərinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır. Hökumət kompleksi və ona bitişik ərazilərin yerləşdiyi “qırmızı zona” xüsusi nəqliyyat vasitələri istisna olmaqla, bütün nəqliyyat növləri üçün tam bağlanıb.
Danışıqlarla əlaqədar olaraq, 9 və 10 aprel tarixlərində paytaxtda rəsmi tətil elan edilib. Şəhər administrasiyasının məlumatına görə, hüquq-mühafizə orqanları, tibb müəssisələri və kommunal xidmətlər fəaliyyətini adi qaydada davam etdirəcək. Sakinlərə iş qrafiklərini buna uyğun planlaşdırmaq tövsiyə olunub.
Qeyd edək ki, aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Onun sözlərinə görə, tərəflər demək olar ki, bütün mübahisəli məsələləri həll ediblər və Vaşinqton Tehranın 10 bəndlik təklifini gələcək danışıqlar üçün əsas kimi qəbul edir. Təkliflər arasında təcavüz etməmək prinsipi, İranın Hörmüz boğazına nəzarəti, ölkə daxilində uranın zənginləşdirilməsi, sanksiyaların ləğvi, kompensasiya ödənişləri və ABŞ qüvvələrinin bölgədən çıxarılması yer alır.
Tramp bildirib ki, qərar İranın Hörmüz boğazını açmağa hazır olması əsasında verilib. Öz növbəsində, Tehran İrana qarşı heç bir hücum edilməməsi şərti ilə “müdafiə hücumlarını” dayandırmağa razılaşıb. Tərəflər arasında vasitəçilik edən Şehbaz Şərif onları 10 aprel tarixində danışıqlara dəvət edib. İran dövlət televiziyasının məlumatına görə, görüşlərin birbaşa formatda keçirilməsi gözlənilir.
İzmedia.az
![]()

