Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorluğu İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbs orderlərinin ləğvi üçün hər hansı addım atmayıb.
Bu barədə CNN-ə açıqlamasında BCM-in prokuroru vəzifəsini icra edən Nəzhat Şamim Xan bildirib. O, ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq, istintaqın davam etdiyini vurğulayıb. Prokurorluğun qərarlarının sırf qanuna və sübutlara əsaslandığını qeyd edən Xan, qurumun fəaliyyətində hər hansı siyasi və ya gizli niyyətlərin olması barədə iddiaları qətiyyətlə rədd edib.
Xatırladaq ki, BCM 21 noyabr 2024-cü ildə Qəzza zolağı da daxil olmaqla Fələstin ərazilərində törədilmiş müharibə və insanlığa qarşı cinayət iddiaları ilə bağlı Netanyahu və Qallantın həbsinə order verib.
Buna cavab olaraq, 6 fevral 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp BCM rəsmilərinə və onların ailə üzvlərinə qarşı maliyyə və viza məhdudiyyətlərini nəzərdə tutan sanksiya fərmanı imzalayıb. Vaşinqton məhkəməni ABŞ və müttəfiqi İsrailə qarşı qanunsuz addımlar atmaqda ittiham edir.
İzmedia.az
![]()

