Bryansk vilayətinin qubernatoru vəzifəsini icra edən Yeqor Kovalçukun verdiyi məlumata görə, sentyabrın 28-i səhər saatlarında bölgənin dəmir yolu infrastrukturu Ukrayna dronlarının genişmiqyaslı hücumuna məruz qalıb. Zərbələr nəticəsində Dyatkovo-Lyudinovo hissəsindəki dəmir yolu körpüsünün bir hissəsi uçub, 10 vaqon relsdən çıxıb. Uneça istiqamətində isə 18 boş yarımqoşqu relsdən çıxıb, Navlya bölgəsində relslərə ziyan dəysə də, qatarların hərəkəti bərpa edilib. Hadisələr zamanı tələfat qeydə alınmayıb.
Bu, Ukrayna ordusunun Rusiya dəmir yollarına ilk birbaşa PUA hücumu kimi qiymətləndirilir. Lakin müharibə başlayandan bəri Rusiya ərazisində dəmir yolu xətlərində bir neçə ciddi partlayış və qəza baş verib. Xüsusilə 2025-ci ilin yayında Bryanskda sərnişin qatarının körpüdən aşması nəticəsində 7 nəfər həlak olmuş, 100-dən çox insan yaralanmışdı. Oxşar insidentlər Kursk, Voronej, Belqorod, Leninqrad, Oryol, Pskov və Ulyanovsk vilayətlərində də qeydə alınıb.
Eyni zamanda, Rusiya ordusu da Ukraynanın dəmir yolu nəqliyyatını hədəf almaqda davam edir. Rusiya PUA-larının hücumları nəticəsində ayda 40-a qədər lokomotiv sıradan çıxarılır. Müharibə başlayan gündən vurulan 500-dən çox lokomotivin 60%-i son səkkiz ayın payına düşür. “Ukrzaliznitsa” rəhbərliyi beynəlxalq maliyyə dəstəyinə baxmayaraq, zədələnmiş lokomotivləri bu sürətlə bərpa etməyin çətin olduğunu bildirib.
İzmedia.az
![]()

