Suriyanın devrilmiş diktatoru Bəşər Əsədin hakimiyyəti dövründə rejimlə yaxın əlaqələri sayəsində varlanmış şəxslərdən müsadirə olunan aktivlər bazasında ölkənin yeni idarəçiliyi tərəfindən nəhəng Suveren Sərvət Fondu təsis edilib. “Financial Times” qəzetinin verdiyi məlumata görə, Prezident Əhməd əl-Şara tərəfindən yaradılan və birbaşa dövlət başçısına hesabat verən fondun kapital həcmi Maliyyə Nazirliyi tərəfindən 50 milyard dollar dəyərində qiymətləndirilir. Fond hazırda ölkə iqtisadiyyatında mərkəzi rol oynayır və Suriya Biznes Şurası tərəfindən ölkənin “ən zəngin və nüfuzlu təşkilatı” kimi dəyərləndirilir.
Məlumata görə, fondun portfelinə keçmiş rejimin tərəfdarlarından, o cümlədən ABŞ və Aİ sanksiyaları altında olan iş adamı Samer Foz və digər oliqarxlardan müsadirə edilmiş 32 iri müəssisə, ticarət mərkəzləri, fabriklər, bank səhmləri və daşınmaz əmlaklar daxildir. 40 mindən çox işçisi olan bu qurum eyni zamanda Körfəz ölkələrindən xarici investisiyaların cəlb edilməsində əsas platforma funksiyasını yerinə yetirir. Fondun idarəçiliyi Turizm naziri və Avstraliya sanksiyaları altında olan İbrahim Sukariyə həvalə olunsa da, qurumun strukturu, fəaliyyət xətti və aktivlərin dəqiq siyahısı tam məfhumluq şəraitində saxlanılır.
İzmedia.az
![]()

