The New York Times qəzetinin yazdığına görə, ABŞ-İsrail münaqişəsi Patriot və THAAD raket tutucularının ehtiyatlarını sürətlə azaldır və bu vəziyyət ABŞ-nin dünya üzrə müttəfiqlərini hücumlar qarşısında daha həssas edə bilər.
Qəzet qeyd edir ki, ölkələr adətən bu tip tutucu sistemlər barədə məlumatları açıqlamasa da, artıq “İranın raket və dron hücumlarının dalğaları ehtiyatların kəskin şəkildə azalmasına səbəb olub” və münaqişə davam edərsə, “bu ehtiyatlar təhlükəli səviyyəyə düşə bilər”.
Nəşr BƏƏ Müdafiə Nazirliyinə istinadən bildirir ki, münaqişənin başlanğıcından etibarən İran tərəfindən BƏƏ-yə təxminən 500 ballistik raket və 2100-dən çox dron atılıb. Məqalədə vurğulanır ki, bölgədəki hava hücumundan müdafiə sistemləri “Patriot” və THAAD batareyaları da daxil olmaqla müxtəlif buraxılış qurğularına əsaslanır.
Raket tutucularının azalması ABŞ-ın müttəfiqləri üçün ciddi risk yaradır. Qəzet xüsusilə İsrail, Səudiyyə Ərəbistanı, Ukrayna, Cənubi Koreya, Tayvan və Yaponiya kimi ölkələrin adını çəkir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla ölkənin iri şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev bu addımı İrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb.
Buna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektlərə zərbələr endirib, həmçinin Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-də yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb.
İzmedia.az
![]()

