Yəmənin strateji əhəmiyyətə malik üçüncü böyük şəhəri olan Taizdə hücumlarını intensivləşdirən Husi qüvvələri oktyabrın 4-də şəhərin böyük hissəsini mühasirəyə alaraq hökumətin nəzarətində olan ərazilərdən gələn təchizat xətlərini kəsib. Şəhərdə yaranan humanitar böhran və təhlükəsizlik riskləri səbəbindən minlərlə dinc sakin evlərini tərk edərək cənub əyalətlərinə sığınmağa məcbur olub.
Münaqişə zonası olan şəhəri tərk edən yerli sakinlərdən biri — Veam Abdullah AP agentliyinə açıqlamasında Taizdəki çarəsizliyi təsvir edərək bildirib: “Biz özümüzü artıq ölü hiss edirik, şəhərdə dərin bir ümidsizlik hakimdir. Heç bir siyasi təşkilat və ya tərəflə əlaqəmiz olmasa da, elə bil hər kəs bizə qarşı sui-qəsd qurur”.
Qeyd edək ki, Taiz şəhəri Husi qüvvələrinin 2014-cü ilin sentyabrında paytaxt Sənanı ələ keçirməsindən sonra başlayan Yəmən vətəndaş müharibəsində ən kəskin döyüşlərin və uzun sürən mühasirənin yaşandığı əsas məntəqələrdən biridir.
İzmedia.az
![]()

