12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə “Yaradıcı Gənclər” İctimai Birliyinin sədri Rafət Şirəliyev fikirlərini bölüşüb.
Rafət Şirəliyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsasını təşkil etməklə yanaşı, ölkəmizdə demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının, qanunun aliliyinin və vətəndaş cəmiyyətinin inkişafının başlıca təminatıdır.
O qeyd edib ki, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyası müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu fundamental sənəd müasir Azərbaycan dövlətinin hüquqi və siyasi inkişafının möhkəm təməlini formalaşdırıb.
Birlik sədri vurğulayıb ki, Konstitusiyanın mahiyyətinin cəmiyyətə, xüsusilə də gənc nəslə düzgün çatdırılması mühüm əhəmiyyət daşıyır. Gənclərin hüquq və vəzifələrini bilməsi, qanunlara hörmət ruhunda yetişməsi, vətəndaş məsuliyyətini dərk etməsi və ictimai həyatda fəal iştirakı güclü vətəndaş cəmiyyətinin formalaşmasının əsas şərtlərindəndir.
Rafət Şirəliyev, həmçinin bildirib ki, hüquqi maarifləndirmə yalnız qanunvericilik normalarının öyrədilməsi ilə məhdudlaşmamalı, gənclərdə hüquqi düşüncə, məsuliyyət və dövlətçilik şüurunun formalaşmasına xidmət etməlidir. Bu istiqamətdə gənclər təşkilatlarının üzərinə mühüm vəzifələr düşür.
“Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də dövlətimizin müstəqilliyinin, xalqımızın iradəsinin və gələcəyə baxışının ifadəsidir. Hər bir gənc öz hüquqlarını bilməklə yanaşı, üzərinə düşən vətəndaşlıq məsuliyyətini də dərk etməlidir. Güclü dövlətin təməlində hüquqa hörmət edən, məsuliyyətli və fəal vətəndaş dayanır”, – deyə Rafət Şirəliyev qeyd edib.
Sonda “Yaradıcı Gənclər” İctimai Birliyinin sədri xalqımızı 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edərək, ölkəmizə davamlı inkişaf, hüquqi dövlətçilik ənənələrinin daha da möhkəmlənməsini arzulayıb.
![]()

