ABŞ NATO-ya İraqdakı əsas missiya da daxil olmaqla bir neçə əməliyyatı azaltmaq üçün təzyiq göstərir.
İzmedia.az bildirir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqton alyansın köklü şəkildə yenidən qurulmasında israr edir və son aylarda Kosovodakı əməliyyatın miqyasını azaltmağa çalışıb.
Bildirilir ki, bu addımlar Ağ Evin NATO-ya yalnız Avroatlantik müdafiə paktı kimi yanaşmaq və qlobal tərəfdaşlıq təşəbbüslərindən imtina etmək niyyətini əks etdirir. Bu mövqe ABŞ Prezidenti Donald Tramp və onun MAGA hərəkatının tərəfdarlarının uzun müddətdir səsləndirdiyi mövqeyə uyğundur.
Diplomatlar anonimlik şərti ilə bildiriblər ki, Ağ Ev NATO-nun müdafiə və çəkindirmə funksiyalarından kənar “ərazidənkənar fəaliyyətlərini” məhdudlaşdırmasını tələb edir. Onların fikrincə, bu, alyansın keçmiş müharibə zonalarındakı fəaliyyətinin sürətlə azalmasına səbəb ola bilər.
Bununla belə, mənbələr qeyd edir ki, ABŞ-ın bu təşəbbüsü bəzi müttəfiqlərin narazılığı ilə qarşılanır. Diplomatlardan biri alyansın xarici təşəbbüslərindən imtinanın düzgün yanaşma olmadığını, tərəfdaşlıqların isə çəkindirmə və müdafiə baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
İzmedia.az
![]()

