Monqolustanın Böyük Dövlət Xuralının (parlament) sədri Nyam-Osorin Üçral bazar ertəsi günü baş nazir vəzifəsinə namizədliyi ilə əlaqədar öz xahişi ilə vəzifəsindən istefa verib.
İzmedia.az xəbər verir ki, bu barədə parlamentin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, martın 27-də deputatlar Monqolustanın Baş naziri Qombojavin Zandanşatar-ın istefasını qəbul ediblər. O, çıxışında ölkədəki çətin iqtisadi vəziyyəti və siyasi təzyiqləri əsas kimi göstərib. Zandanşatar yeni baş nazir təyin olunana qədər vəzifələrini davam etdirəcək.
Bazar ertəsi parlament sədri Üçralın istefası onun hakim Monqolustan Xalq Partiyası tərəfindən baş nazirliyə namizəd göstərilməsindən sonra baş verib. Bildirilir ki, millət vəkillərinin 80%-dən çoxu onun istefasının lehinə səs verib.
Açıqlamada qeyd olunur ki, Üçral parlament sədrliyindən azad edilib və yeni sədr seçilənə qədər bu vəzifəni sədr müavini Jadambin Bat-Erdene icra edəcək.
Xatırladaq ki, Zandanşatar əvvəl də istefaya göndərilmiş, lakin Prezident Uxnaagiyn Xurelsux parlamentin qərarına veto qoymuş və Konstitusiya Məhkəməsi həmin qərarı qanunsuz elan etmişdi.
Onun rəhbərliyi dövründə ölkədə kömür ixracının artdığı, ÜDM-in yüksəldiyi və büdcə qənaətinin həyata keçirildiyi bildirilir.
İzmedia.az
![]()

