Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qlobal Sumud Donanmasına – İkinci Missiyaya qarşı hərəkətlərini “piratçılıq” və “gəmiçilik azadlığı prinsipinin pozulması” kimi qiymətləndirib. Sözügedən gəminin Qəzza zolağına humanitar yardım daşıdığı bildirilib.
Nazirliyin bəyanatında qeyd olunub: “Beynəlxalq sularda humanitar yardım daşıyan ‘Qlobal Sumud’ donanmasına İsrailin hücumu piratçılığın təzahürüdür. Məqsədi dünyanın diqqətini Qəzzada baş verən humanitar fəlakətə cəlb etmək olan bu gəmi qrupunu hədəfə almaqla İsrail həm insani dəyərləri, həm də beynəlxalq hüquq normalarını pozub. Bu təcavüz eyni zamanda beynəlxalq sularda naviqasiya azadlığı prinsipinə açıq qəsddir”.
Türkiyə Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti “bu qanunsuz İsrail hərəkətinə qarşı vahid mövqe tutmağa” çağırıb. Qurum həmçinin bildirib ki, gəmilərdə olan Türkiyə və digər ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün tərəfdaş dövlətlərlə birlikdə bütün zəruri addımlar atılır.
Nazirliyin rəsmi nümayəndəsi Öncü Keçeli də məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ispaniyalı həmkarı Xose Manuel Alvareslə telefon danışığı aparıb.
Keçelinin sözlərinə görə, söhbət zamanı İsrail qüvvələrinin Krit adası sahillərindən uzaq olmayan açıq dənizdə qanunsuz müdaxiləsinin müxtəlif millətlərdən olan çoxsaylı mülki şəxslərin həyatını təhlükəyə atdığı və beynəlxalq hüququ pozduğu vurğulanıb. Tərəflər beynəlxalq ictimaiyyətin bu qanunsuzluğa birgə reaksiya verməsinin vacibliyini qeyd ediblər.
İzmedia.az
![]()

