İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossiyə ünvanladığı məktubda Buşehr Atom Elektrik Stansiyasına endirilən zərbələri müharibə cinayəti kimi qiymətləndirib.
Təşkilatın yaydığı məlumata görə, Eslami bu hücumları BAEA-nın Hərtərəfli Təhlükəsizlik Sazişi və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində nüvə obyektlərinə qarşı hücumların qadağan olunmasının açıq şəkildə pozulması kimi dəyərləndirib. O, bu addımları həm də qlobal nüvə yayılmaması sisteminə ciddi təhdid adlandırıb.
Eslami, həmçinin MAQATE və Qrossinin baş verənlərə adekvat reaksiya vermədiyini bildirib. Onun sözlərinə görə, açıq qınama əvəzinə yalnız “dərin narahatlıq” ifadələrinin səsləndirilməsi belə hücumların təkrarlanmasına şərait yaradır.
Qeyd olunub ki, bu, Buşehr AES-in birinci enerji blokuna qarşı artıq dördüncü hücumdur və işlək reaktordan radioaktiv maddələrin geniş miqyasda yayılması riski yaradır. Bu isə əhali, ətraf mühit və qonşu ölkələr üçün ciddi və geri dönməz nəticələrə səbəb ola bilər.
Bundan əlavə, Eslami vurğulayıb ki, İran nüvə enerjisi sahəsində suveren hüquqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək.
Şənbə günü AEOI Buşehr AES yaxınlığında daha bir zərbənin endirildiyini açıqlayıb. Mərminin obyektin yaxınlığına düşməsi nəticəsində stansiyanın mühafizəçilərindən biri həlak olub, lakin əsas infrastruktur zərər görməyib. Hadisəyə münasibət bildirən MAQATE isə nüvə təhlükəsizliyi baxımından elektrik stansiyalarının və onların ətraf ərazilərinin hədəf alınmasının qəbuledilməz olduğunu bəyan edib.
İzmedia.az
![]()

