İranın Tacikistandakı səfiri Əlirza Hakikiyan Düşənbədə keçirilən xarici universitetlərin üçüncü beynəlxalq festival-sərgisinin açılışında bildirib ki, fevral ayında silahlı münaqişənin başlanmasından bəri ABŞ və İsrail İranda 80-dən çox universiteti, elmi mərkəzi və kitabxananı hədəfə alıb.
Diplomatın sözlərinə görə, ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlar nəticəsində 30-dan çox universitet, bir neçə elmi-tədqiqat mərkəzi və 55 kitabxana zərər görüb. O vurğulayıb ki, bu hücumlar tələbələr arasında da itkilərə səbəb olub və təkcə İran vətəndaşlarına deyil, həm də ölkədə təhsil alan əcnəbilərə təsir edib.
Hakikiyan qeyd edib ki, universitet və elmi mərkəzlərin hədəfə alınması “düşmənlərin qeyri-insani təbiətini” göstərir və bu hücumlar müharibə cinayətləri kimi qiymətləndirilməlidir.
Səfir əlavə edib ki, hazırda regionda baş verən hadisələr sabitliyə ciddi təhdid yaradır və bu, yalnız Yaxın Şərq üçün deyil, bütün dünya üçün təhlükə mənbəyidir. O həmçinin bildirib ki, ABŞ və İsrailin hücumları Minab şəhərində yerləşən məktəbə zərbə ilə başlayıb və nəticədə 170 uşaq həlak olub.
İzmedia.az
![]()

