Tacikistan Prezidenti Emoməli Rəhmon Astanada keçirilən Regional Ekoloji Sammitin plenar iclasında çıxışı zamanı bildirib ki, buzlaqların əriməsi qlobal miqyasda sürətlənir və bu proses su ilə bağlı təbii fəlakətlərin riskini artırır.
Prezident qeyd edib ki, “buzlaqların əriməsi prosesi bütün dünyada sürətlənir, bu isə su balansının pozulmasına səbəb olaraq ətraf mühit üçün təhlükə yaradır və su ilə əlaqəli təbii fəlakətlərin riskini artırır”. O vurğulayıb ki, Mərkəzi Asiyanın su ehtiyatlarının 60 faizə qədəri Tacikistan ərazisində formalaşır. Bu isə ölkənin dağ ekosistemlərinin su təchizatı və regionun davamlı inkişafı baxımından əhəmiyyətini göstərir.
Rəhmonun sözlərinə görə, buzlaqların sürətlə əriməsi ciddi narahatlıq doğurur: “Tacikistanda mövcud olan 14 min buzlaqdan 1300-dən çoxu artıq tamamilə ərimişdir”.
Tacikistan prezidenti əlavə edib ki, sammit iqlim dəyişikliyi, ekosistemlərin deqradasiyası, su çatışmazlığı və həm Mərkəzi Asiya, həm də dünya üçün ciddi risklər yaradan təbii fəlakətlər fonunda keçirilir. “Şübhəsiz ki, bu vəziyyət əlaqələndirilmiş fəaliyyət tələb edir”, – deyə o bildirib.
Qeyd edək ki, Regional Ekoloji Zirvə görüşü 22–24 aprel tarixlərində BMT-nin himayəsi altında Astanada keçirilir. Tədbirdə bir neçə min nümayəndə, o cümlədən dövlətlərin və beynəlxalq təşkilatların təxminən 100 yüksək vəzifəli təmsilçisi iştirak edir. Zirvə çərçivəsində Mərkəzi Asiya ölkələrinin prezidentlərinin iştirakı ilə Beynəlxalq Aral Dənizinin Xilas Edilməsi Fondunun təsisçi dövlətlər şurasının iclasının keçirilməsi də planlaşdırılır.
İzmedia.az
![]()

