Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov jurnalistlərə bildirib ki, ölkə may ayında “Drujba” boru kəməri ilə neft daşınmasının mümkünsüzlüyü barədə qeyri-rəsmi məlumatlar alıb.
TASS-ın yaydığı məlumata görə, nazir qeyd edib ki, Rusiya tərəfi qeyri-rəsmi mənbələrə istinad edərək Qazaxıstan neftinin nəqli üçün texniki imkanların olmaması barədə məlumat verib.
Akkenjenov bildirib ki, tranzit dayandırıldığı halda Qazaxıstan neft axınını Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) daxil olmaqla digər istiqamətlərə yönləndirir. O, həmçinin neftin Çinə ixrac üçün də yönləndirilə biləcəyini istisna etməyib.
Nazirin sözlərinə görə, Qazaxıstanın “Drujba” boru kəməri vasitəsilə neft nəqli imkanları texniki şərait yarandıqda bərpa olunacaq.
Rusiyanın mövqeyinə gəldikdə isə, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bu məsələ ilə bağlı yayılan məlumatlara münasibət bildirməkdən imtina edib və məsələnin müvafiq Rusiya şirkətləri ilə əlaqələndirilməli olduğunu qeyd edib.
Məlumata əsasən, Qazaxıstanın milli operatoru “KazTransOil” Rusiya ərazisindən keçməklə “Transneft” sistemi vasitəsilə neft tranzitini həyata keçirir. Daha sonra neft Belarus ərazisindən keçərək Almaniyanın Şvedt şəhərində yerləşən neft emalı zavoduna çatdırılır. Bu sistem Qazaxıstan və Rusiya arasında 7 iyun 2002-ci il tarixli hökumətlərarası müqavilə çərçivəsində fəaliyyət göstərir.
2025-ci ildə Qazaxıstan “Drujba” boru kəməri ilə Almaniyaya 2,1 milyon ton neft tədarük edib. Energetika nazirinin açıqlamasına görə, Qazaxıstan nefti Almaniyanın Şvedt neft emalı zavodunun istehlakının 20–30 faizini təmin edir. Nazir əlavə edib ki, bu il üçün planlaşdırılan ümumi həcm təxminən 3 milyon ton neft idi.
İzmedia.az
![]()

