Lavrov: ABŞ və İsrailin İrana qarşı hərbi addımları Xəzər regionuna mənfi təsir göstərir

1 Min Read

Rusiya xarici işlər naziri Sergey Lavrov Qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə danışıqlardan sonra bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Xəzər dənizi regionuna mənfi təsir göstərib və Ənzəli dəniz limanı infrastrukturuna zərbə qəbuledilməzdir.

Lavrovun sözlərinə görə, “qeyd etmək məcburiyyətindəyik ki, ABŞ və İsrailin İrana qarşı təxribatsız silahlı təcavüzü Xəzər dənizinə və onun sahil xəttinə dərin mənfi təsir göstərib. Xəzər regionu sülh və əməkdaşlıq zonası olaraq qalmalıdır”.

O əlavə edib ki, “İran əleyhinə koalisiyanın 18 martda beş Xəzəryanı dövlətin ticarət və logistika maraqlarına xidmət edən Ənzəli dəniz limanı infrastrukturuna endirdiyi zərbə qəbuledilməz və yolverilməzdir”.

Nazir vurğulayıb ki, Rusiya və Qazaxıstan Fars körfəzi bölgəsində və ümumilikdə Yaxın Şərqdə böhranın siyasi razılaşmalar yolu ilə mümkün qədər tez həll edilməsinin vacibliyini qeyd edirlər.

18 mart axşamı İsrailin 12-ci kanalı İsrail Hərbi Hava Qüvvələrinin Xəzər dənizində İran Hərbi Dəniz Qüvvələrinin gəmilərinə zərbə endirdiyini bildirib. Məlumata görə, hücum İranın Xəzər dənizindəki ən böyük limanı olan Bəndər Ənzəli şəhərində yerləşən hərbi dəniz bazasına yönəlib. 19 martda İsrail ordusunun mətbuat xidməti hücumu təsdiqləyərək bunun Xəzər dənizində İran hərbi dəniz hədəflərinə ilk zərbə olduğunu açıqlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş