Meksikanın Puebla ştatında silahlı hücum nəticəsində azı 10 nəfər ölüb
izmedia.az xəbər verir ki, Meksikanın Puebla ştatında bir ailənin evinə silahlı hücum edilib. Hadisə Tehuitzingo rayonunda baş verib.
Puebla İctimai Təhlükəsizlik Katibliyinin məlumatına görə, hücum nəticəsində aralarında bir uşağın da olduğu azı 10 nəfər həyatını itirib.
İddialara əsasən, hadisə səhər saatlarında baş verib. Silahlı şəxslər nəqliyyat sektoru ilə əlaqəli olduğu iddia edilən bir ailənin evinə daxil olaraq ailə üzvlərinə atəş açıblar.
Puebla Prokurorluğu bildirib ki, sakinlərdən birinin məlumatı əsasında polis hadisə yerinə cəlb olunub və evdə çox sayda insanın güllə yarası alaraq öldüyü müəyyən edilib.
Rəsmi məlumatlara görə, 9 nəfər hadisə yerində, bir qadın isə xəstəxanaya aparılarkən həyatını itirib.
Hadisə ilə bağlı genişmiqyaslı istintaq başlanıb. Ştat və federal təhlükəsizlik qüvvələri cinayətkarların tapılması üçün əməliyyatlara başlayıb.
Yerli mənbələr bildirir ki, istintaqa polis, ordu, Meksika Milli Qvardiyası və prokurorluq orqanları cəlb olunub. Bölgədə patrul və nəzarət tədbirləri davam etdirilir.
Qeyd edək ki, son illərdə Puebla ştatında tez-tez silahlı zorakılıq hadisələri baş verir və bunların bir hissəsinin mütəşəkkil cinayətkarlıqla əlaqəli olduğu bildirilir.
![]()
