Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsrail ordusunun Qlobal Sumud Donanmasına qarşı silahlı müdaxiləsi ilə bağlı qərarı Rəsmi Qəzetdə dərc olunub.
Qərarda bildirilir:“Bu piratçılıq hərəkəti açıq-aşkar müharibə cinayətidir. İnsan dözümlülüyünün bütün hədlərini aşan İsrailə xəbərdarlıq edirik və zorla saxlanılan fəalları və vətəndaşlarımızı dərhal azad etməyə çağırırıq”.
İzmedia.az xəbər verir ki, TBMM Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilən qətnamədə qeyd olunur ki, İsrail növbəti dəfə beynəlxalq hüququ kobud şəkildə pozaraq, soyqırımı və müharibə cinayətləri siyahısına daha bir əməl əlavə edib.
Qətnamədə İsrailin beynəlxalq sularda mülki və dinc təşəbbüs olan Qlobal Sumud Donanmasına hücumu xatırladılaraq bildirilir:
“Qlobal Sumud Donanmasına hərbi müdaxilə edən İsrail ordusu həm humanitar yardımın qarşısını alıb, həm də 20-si Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 175 fələstin tərəfdarı fəalı saxlayıb. Bu piratçılıq hərəkəti açıq-aşkar müharibə cinayətidir.
Biz insan dözümlülüyünün bütün hədlərini aşan İsrailə xəbərdarlıq edir və onu zorla saxlanılan fəalları və vətəndaşlarımızı dərhal azad etməyə çağırırıq. Türkiyə Böyük Millət Məclisi olaraq, bütün siyasi partiyalar və parlament üzvləri ilə birlikdə qanunsuz saxlanılan vətəndaşlarımızla, eləcə də Qəzza xalqına humanitar yardım çatdırmaq üçün yola çıxan missiyanın bütün iştirakçıları ilə həmrəy olduğumuzu bildiririk.
Bundan əlavə, donanma üzvlərinə, xüsusilə vətəndaşlarımıza qarşı törədilən bütün cinayətlərə görə İsrailin beynəlxalq məhkəmələr qarşısında məsuliyyətə cəlb olunması üçün səylərimizi davam etdirəcəyik. İsrailin Fələstin xalqına qarşı işğal, soyqırımı və aparteid siyasətinə son qoyulmasını tələb edirik”.
Qətnamədə həmçinin bütün parlamentlərə, beynəlxalq parlament assambleyalarına və təşkilatlara çağırış edilərək, Qəzza xalqının humanitar yardıma fasiləsiz çıxışının təmin olunması və İsrailin insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıması üçün vahid mövqe nümayiş etdirmələri istənilir.
![]()
