Aprelin 30-na keçən gecə Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərinə hücum edib. Yerli sakinlər bu barədə “Shot” Telegram kanalına məlumat veriblər. Onların sözlərinə görə, şəhərin müxtəlif ərazilərində təxminən 10 partlayış səsi eşidilib.
Bildirilir ki, partlayış səsləri Nijni Novqorod yaxınlığında yerləşən Kstovo şəhərinin cənub və mərkəzi hissələrində də eşidilib. Regional hakimiyyət orqanları hücumla bağlı hələlik rəsmi açıqlama verməyib.
“Astra” xəbər agentliyinin yaydığı video və fotoların təhlilinə əsasən, dronların əsas hədəfi Dzerjinskdə yerləşən “Ya. M. Sverdlov adına zavod” olub. Zərbədən sonra müəssisə ərazisindən qalın tüstü sütununun qalxdığı bildirilir.
Zavodun strateji əhəmiyyəti
Dzerjinskdə yerləşən Sverdlov Zavodu Rusiyanın ən iri partlayıcı maddə istehsalçılarından biri hesab olunur və 100 ildən artıq fəaliyyət tarixçəsinə malikdir. Müəssisə ölkənin hərbi-sənaye kompleksinə daxildir və strateji əhəmiyyət daşıyır.
Zavod Ukraynanın sanksiya siyahısına daxil edilib. Müəssisəyə qarşı ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya və İsveçrə də sanksiyalar tətbiq edib. Ukrayna dronları daha əvvəl də bu zavodu hədəfə alıb. 2024-cü ilin oktyabrında baş verən hücum nəticəsində müəssisənin istehsal sahələrindən birinin zədələndiyi bildirilmişdi.
Rusiya HHM 189 dron vurduğunu açıqlayıb
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə növbətçi hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif bölgələri üzərində 189 Ukrayna dronunu aşkar edərək məhv edib.
Nazirlik bildirib ki, pilotsuz uçuş aparatları Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Lipetsk, Nijni Novqorod, Rostov, Ryazan, Samara, Saratov, Tula və Ulyanovsk vilayətləri üzərində qeydə alınıb.
Kimya müəssisələrinə əvvəlki hücumlar
Məlumata görə, Ukrayna qüvvələri son dövrlərdə silah istehsalı üçün xammal təmin edə biləcək Rusiyanın kimya müəssisələrinə də zərbələr endirib.
Aprelin 6-da Voronej vilayətinin Rossoş şəhərində yerləşən “Minudobreniya” zavoduna, aprelin 4-də isə Samara vilayətinin Tolyatti şəhərindəki “Tolyatti Kauçuk” və “KuybışevAzot” müəssisələrinə hücum edildiyi bildirilir.
Martın 27-də dronlar “PhosAgro” qrupuna daxil olan Çerepovets kimya klasterindəki “Apatit” səhmdar cəmiyyətini hədəfə alıb. Fevralın 25-də Smolensk vilayətindəki Dorogobuj zavoduna hücum nəticəsində yeddi nəfərin öldüyü, fevralın 17-də Perm vilayətindəki “Metafrax Chemicals”, fevralın 7-də isə Tver vilayətində yerləşən “Redkino” pilot zavodunun vurulduğu qeyd olunur.
İzmedia.az
![]()

