İzmedia.az xəbər verir ki, Yaponiyanın Hokkaydo adasında yerləşən Asahiyama zooparkının 33 yaşlı əməkdaşı saxlanılıb. O, həyat yoldaşının cəsədini müəssisə ərazisində yerləşən və heyvan cəsədlərinin utilizasiyası üçün istifadə olunan sənaye sobasında yandırmaqda şübhəli bilinir.
İstintaqın məlumatına görə, hadisə martın 31-də baş verib, lakin yalnız aprelin sonlarında qadının qohumları onun itkin düşməsi ilə bağlı müraciət etdikdən sonra məsələ üzə çıxıb. Dindirilmə zamanı şübhəli şəxs əməlini etiraf edib. Sobanın içərisində tapılan qalıqların sonradan itkin düşmüş qadına aid olduğu müəyyən edilib. Polis yalnız meyitin təhqiri deyil, həm də qətl ehtimalını araşdırır, çünki kişi arvadının ölümündə iştirak etdiyinə işarə edib.
Məlum olub ki, həyatını itirən qadın daha əvvəl qohumlarına ərinin təhdidlərindən şikayət edib. Yapon mediasının yazdığına görə, o, ərinin onu bir neçə dəfə yandırmaqla hədələdiyini bildirib.
Bu faciəli hadisə turistlər arasında məşhur olan zooparkın fəaliyyətinə ciddi təsir göstərib. Rəhbərlik planlaşdırılmış texniki fasilədən sonra açılışı təxirə salmaq məcburiyyətində qalıb.
![]()
