Polşa: Müharibədən sonra Ukraynadan silah qaçaqmalçılığı riski var

2 Min Read

Polşa Polisinin Mərkəzi İstintaq Bürosunun mütəşəkkil cinayətkarlıq şöbəsinin rəhbəri Adam Radon “Rzeczpospolita” qəzetinə açıqlamasında bildirib ki, Polşa döyüşlər başa çatdıqdan sonra Ukraynadan genişmiqyaslı qanunsuz silah qaçaqmalçılığı riskinin qarşısını almağa hazırlaşır.

Onun sözlərinə görə, Ukraynada Qərb yardım paketləri çərçivəsində təhvil verilmiş çoxlu sayda silah, eləcə də Sovet dövründən qalan iri həcmdə silah ehtiyatı mövcuddur. Radon qeyd edib ki, hərbi münaqişələr bitdikdən sonra nəzarətsiz silah axını riski adətən artır.

Bu səbəbdən Polşa hüquq-mühafizə orqanları “Trident” adlı xüsusi plan hazırlayıb. Radonun izahına görə, bu layihə polis əməkdaşlarının silah qaçaqmalçılığını aşkar etməsi və mütəşəkkil cinayətkar qrupların zərərsizləşdirilməsi üçün təlim keçməsini nəzərdə tutur. Layihə çərçivəsində 6,6 milyon zloti (təxminən 1,8 milyon dollar) dəyərində xüsusi avadanlıqların alınması və Çexiya, Litva, Ukrayna, Moldova və İspaniya daxil olmaqla bir sıra ölkələrin sərhəd xidmətləri ilə əməkdaşlıq planlaşdırılır.

Radon bildirib ki, Polşa Avropaya qanunsuz silah axınının qarşısını alan “filtr” rolunu oynamalıdır. Onun sözlərinə görə, müharibələrdən sonrakı təcrübələr göstərir ki, silah və sursatların qeyri-qanuni dövriyyəsi ciddi təhlükə yarada bilər. O, həmçinin Ukrayna hərbçilərinin münaqişədən sonra tərxis olunması halında bir qisminin cinayətkar fəaliyyətə cəlb olunma riskini də istisna etməyib.

Polşa polisinin məlumatına görə, hələlik Ukraynadan ölkəyə nəzərəçarpacaq silah axını qeydə alınmayıb. Bununla belə, hüquq-mühafizə orqanları artıq Ukrayna silahlarının saxlandığı bəzi yerləri aşkar edib, lakin onların mənşəyi hələ müəyyən edilməyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş