İzmedia.az xəbər verir ki, ayaqqabı qutusu ölçüsündə kompakt kvant cihazı Beynəlxalq Kosmik Stansiyada (BKS) təxminən bir il işləyərək Yer kürəsinin maqnit sahəsinin dəqiq xəritəsini hazırlayıb.
Belçikanın Hasselt Universitetinin fizikləri 2021-ci ildə BKS-də başlayan OSCAR-QUBE adlı təcrübənin nəticələrini açıqlayıblar. Cəmi 420 qram çəkisi və 1 litr həcmi olan maqnitometr Avropa Kosmik Agentliyinin astronavtı Toma Peske tərəfindən “Kolumbus” moduluna quraşdırılıb.
On ay ərzində cihaz — əsasını xüsusi “qüsurlu” sintetik almaz (NV-mərkəzlər) təşkil edən texnologiya — Yer kürəsinin maqnit sahəsi haqqında məlumat toplayıb. Tədqiqatçıları ən çox təəccübləndirən isə bu kiçik cihazın böyük peyklərlə müqayisə ediləcək qədər yüksək dəqiqlik və sabitlik göstərməsi olub.
Cihazın yüksək həssaslığının sirri onun quruluşundadır. Almazın kristal quruluşunda karbon atomlarının bir hissəsi azot atomları ilə əvəz olunaraq xüsusi “qüsurlar” yaradılıb. Bu qüsurlar lazer təsiri altında xarici maqnit sahəsinin gücü və istiqamətindən asılı olaraq işıqlanmasını dəyişir və beləliklə, son dərəcə dəqiq ölçmələr aparmağa imkan verir.
Bu xüsusiyyət cihazı radiasiyaya və temperatur dəyişikliklərinə qarşı daha davamlı edir. Bu isə onu uzunmüddətli kosmik missiyalar üçün ənənəvi elektron cihazlardan daha etibarlı edir.
Alimlər əldə olunan nəticələri Beynəlxalq Geomaqnit Modeli (IGRF) ilə müqayisə etdikdə demək olar ki, tam uyğunluq müşahidə ediblər. “Physical Review Applied” jurnalında dərc olunan bu nəticə kosmik cihazların hazırlanmasında yeni mərhələnin başlanğıcı hesab olunur.
Bu texnologiya sayəsində gələcəkdə alimlər maqnit sahəsini daim izləmək üçün çoxsaylı yüngül və ucuz kvant nanosatellitlər buraxa bilərlər. Bu isə kosmik hava və Günəş fırtınalarının daha dəqiq proqnozlaşdırılmasına kömək edəcək.
![]()
