izmedia.az xəbər verir ki, Antalya otel sahibləri yay mövsümündə qiymətlərin 15–20% aralığında endirilə biləcəyini açıqlayıblar. Səbəb kimi isə Rusiyadan gələn turist axınının azalması ehtimalı göstərilir.
Məlumata görə, Antalya otelçiləri Rusiyadan olan turistlərin bölgə üçün böyük əhəmiyyət daşıdığını bildirirlər və onların sayında hər hansı azalma otellərin doluluğuna ciddi təsir göstərə bilər. Rəqəmlərə əsasən, Türkiyə bu il 4,5–6 milyon arasında Rusiya turisti qəbul etməyi planlaşdırır, lakin dəqiq proqnoz vermək çətinləşib.
Antalyadakı otel sahibi Mehmet Usta Bilginer bildirib ki, tələbat azaldığı halda yay qiymətlərini 15–20% endirməyə hazırdırlar. Onun sözlərinə görə, son dövrlərdə turistlər daha çox qənaət etməyə üstünlük verir və əvvəlcədən rezervasiya etməkdə tərəddüd edirlər.
Türkiyə Səyahət Agentlikləri Assosiasiyası sədr müavini Davut Günaydın isə qeyd edib ki, 2026-cı il üçün Rusiyadan gələn turist sayına dair dəqiq rəqəm yoxdur. O, aşağı həddin 4,5 milyon, yuxarı həddin isə 6 milyon ola biləcəyini deyib.
Mütəxəssislər bildirirlər ki, qiymət endirimləri müvəqqəti xarakter daşıya bilər və otellər həm daxili, həm də xarici bazarlardan turist cəlb etməyə çalışırlar. Eyni zamanda Misir və digər rəqib istiqamətlər də Türkiyə turizmi üçün risk yaradır.
![]()
