izmedia.az xəbər verir ki, Çin kosmik yük gəmisi “Tianzhou-9” orbitdəki missiyasını başa vuraraq “Tiangong” kosmik stansiyasından ayrılıb və Yer atmosferinin sıx qatlarına daxil olaraq yanıb.
Məlumata görə, əməliyyat tam plan üzrə həyata keçirilib və kosmik gəminin kiçik qalıqları Sakit Okeanın təhlükəsiz, gəmiçiliyin olmadığı ərazisinə düşüb.
Çinin İnsanlı Kosmik Uçuş Proqramı İdarəsinin (CMSA) məlumatına əsasən, enmə prosesi 6 mayda gəminin “Tianhe” modulundan ayrılması ilə başlayıb. 7 may Pekin vaxtı ilə təxminən 07:49-da isə aparat atmosferə daxil olub və əsas hissəsi yanaraq məhv olub.
“Tianzhou-9” 15 iyul 2025-ci ildə Haynan adasındakı Vençan kosmodromundan buraxılmışdı. O, “Tiangong” stansiyasına yanacaq, ərzaq və elmi tədqiqat avadanlıqları daxil olmaqla müxtəlif təchizatlar çatdırmışdı. Gəmi təxminən 10 ay orbitdə fəaliyyət göstərib.
Çin bu missiya ilə yanaşı, kosmos proqramını genişləndirməyə davam edir və gələcəkdə Mars və asteroidlərin tədqiqi üzrə layihələr üzərində işləyir. Eyni zamanda, ölkə peyk şəbəkələrini genişləndirir və beynəlxalq əməkdaşlığa da açıq olduğunu bildirir.
![]()
